"Rus general Qarabağa Ermənistandan keçibsə, bu, ərazi bütövlüyümüzə təhqirdir"

SİYASƏT
17:32 / 31.03.2021
1416

Rusiya və Ermənistan hərbi rəhbərliklərinin Qarabağda görüşləri intensivləşib. Bu gün Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakov Qarabağa səfər edib. Səfərdə məqsəd Rusiya sülhməramlıları üçün nəzərdə tutulan 150, 250 nəfərlik 25-ci modul şəhərciyinin açılışında iştirak etməkdir. 1960 nəfərlik kontingent üçün beş mindən çox yerlik şəhərciyin salınması bir çox ekspertləri, eləcə də sosial şəbəkə istifadəçilərini narahat edib.

Məsələ ilə bağlı Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü HİT.Az-a açıqlama verib. O bildirib ki, onsuz da rus sülhməramlılarının fəaliyyəti Azərbaycan tərəfinin haqlı narazılıqları ilə müşayət olunur, tikiləcək 5 min nəfərlik şəhərcik narahat olmağa haqlı səbəblər verir:

"Rusiya müdafiə nazirinin müavini Dmitri Bulqakovun Qarabağa gəlməsi qeyri-adi bir hadisə deyil. Bölgədə Rusiya sülhməramlıları var, müharibə bitsə də burada gərgin hadisələr baş verir və verə bilər. Bu baxımdan rus generalın gəlişi, rus hərbi kontingentinə baş çəkməsi adi haldır. Məsələ bu deyil, məsələ rus generalın oraya hansı marşurutla gəlməsidir. Əgər Bulqakov Azərbaycan ərazisindən keçərək Qarabağa gəlibsə, o zaman narahatlığa ciddi əsas yoxdur. Çünki bizim əsas tələbimiz, Azərbaycanın əsas gözləntisi Qarabağa, Xankəndinə gediş-gəlişin bizim ərazimiz vasitəsilə olmasıdır. Ermənistandan oraya gedilməsi ciddi problemdir və biz də haqlı olaraq bu narazılığımızı dərhal Rusiya sülhmərmalılarının rəhbərliyinə çatdırırıq. Lakin buna rəğmən Ermənistandan Xankəndiyə səfərlərin dayanmaması bizim narahatlıqlarımızı artırır. Əgər bu general da Ermənistandan keçibsə, o zaman bu, Azərbaycanın ərazi bütövlüynə açıq-aşkar hörmətsizliyin göstəricisi sayıla bilər. Başqa bir məsələ xəbərdə qeyd edilən 150, 250 nəfərlik 25-ci modul şəhərciyin açılışı ilə bağlıdır. Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr Bəyannaməsində rus sülhməramlıların sayı 1960 nəfər göstərilib. Amma xəbərdə açıqlanan rəqəmləri riyazi hesablama ilə hesabladıqda 1960-dan çox alınır. Mənim üçün narahatlıq doğuran budur”.

Ekspert əlavə edib ki, bəyanatdan kənar amillər Azərbaycan və Türkiyə ilə razılaşdırılmalıdır:

“Bəyanatda nəzərdə tutulan saydan çox hərbi qulluqçular kimdir? Niyə say bu qədər artıqdır? Nə üçün Rusiyanın bu qədər sayda hərbi qulluqçusu toplanıb və onların bu şəkildə bölgədə olması Azərbaycanla, Türkiyə ilə razılaşdırılıbmı? Əsas məsələ budur. Bütün bu amillərə görə general Bulqakovun bölgəyə gəlişi, bu cür tədbirlərin təşkili bizi narahat edir. Onsuz da rus sülhməramlılarının fəaliyyəti Azərbaycan tərəfinin haqlı narazılıqları ilə müşayət olunur. Laçın dəhlizi vasitəsilə Ermənistandan Xankəndinə hərbçilərin və silahların daşınması, Xankəndidəki seperatçıların yürüş keçirməsi, rus dilinin separatçı qurum tərəfindən “dövlət dili” elan edilməsi və s. amillər gərginliyi artırmağa xidmət edir. Bütün bunlardan sonra bir də Bulqakovun gəlişi, 25-ci modul şəhərciyin açılışı xoş niyyətin göstəricisi sayıla bilməz. Əgər Rusiya və Ermənistan güman edirsə ki, bu üsullarla Xankəndidəki seperatçılığı körükləyib, ərazimizin bir hissəsini bizdən almağı bacaracaqlar, onlar yanılırlar. 30 illik ayrılıq belə bizləri torpaqlarımızdan ayıra bilmədi, biz oraları azad etdik. Xankəndi və ətraf ərazilər də belə olacaq. Ola bilər ki, bu kimi səfərlər sırf psixoloji təzyiq, kütləyə oynamaq xarakteri daşıyır. Azərbaycan xalqı hər zaman belə təxribatçı addımlara qarşı reaksiya verib, qıcıqlanıb. İndi növbə bizim hökumətdədir. Öz bildiklərindən az da olsa xalqa da bildirsinlər ki, narahat ürəklərə su səpilsin. Çünki biz o torpaqların azad edilməsi üçün çox qan itirmişik, xəbərlərə susmamağımız normaldır".

İlhamə

7