Qarabağdakı ermənilərin Bakıdan iki xahişi

SİYASƏT
13:54 / 14.08.2022
2736

Bakı Qarabağın Azərbaycanın daxili məsələsi olduğu faktını masadan praktiki mərhələyə keçirir. İlham Əliyevin müsahibəsindən çıxan yekun nəticə belədir. Və prezidentin ilk dəfə açıqladığı detallar da bunu təsdiqləyir.

Qarabağdakı ermənilər Bakıdan iki məsələni xahiş edib:

Birincisi, Laçın yolunun alternativ marşruta köçürülməsi vaxtını 5 avqustdan, 25 avqusta dəyişdirsin;

İkincisi, yolun Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt hissəsini də Azərbaycan inşa etsin;

Bakı hər iki istəyi yerinə yetirib. Bununla yanaşı, yeni yolun inşasında ermənilər azərbaycanlı inşatçılara kömək ediblər.

Bu detalları açıqlayan Əliyev üç ünvana mesaj verir:

İrəvana: erməni əhali Azərbaycana yaxınlaşır, onlar üzərindən planlar qura bilməyəcəksiniz;

Moskvaya: Qarabağın etnik ermənilərinin Azərbaycana inteqrasiyası və azərbaycanlılarla birlikdə yaşaması üçün “vasitəçi”yə ehtiyac yoxdur: bu, həm də rus sülhməramlılarının bölgədə qalma müddətinin başa çatmasından sonra ikinci dəfə uzadılmayacağının anonsudur; Bakı rusların bölgədə qalmaq üçün “birgəyaşayışa kömək” arqumentini sıradan çıxarmaq niyyətindədir və qarşıdakı üç ildə erməni əhali ilə daha sıx iş aparılacağı bəllidir;

Və etnik ermənilərə: yeganə xilas yolu Azərbaycan vətəndaşı olaraq yaşamaqdır: Əliyev dəfələrlə “statusun” olmayacağını bəyan edib, lakin indi – “Qisas” əməliyyatından sonra bunu xüsusilə erməni əhaliyə ünvanlayır və qeyd edir ki, “nə statusunuz, nə müstəqilliyiniz, nə də hansısa xüsusi imtiyazınız olacaq, Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, sizin də qorunacaq”;

Laçın dəhlizinin alternativ marşruta köçürülməsindən sonra ən aktual məsələ erməni qoşunların tamamilə çıxarılması və separatçı-terrorçuların tərkisilah edilməsi olacaq. İstisna deyil ki, Qarabağdakı ermənilərlə birbaşa təmasları artıran Bakı bu prosesdə “Xankəndidəki erməni əhalinin təhlükəsizliyinin qorunması” prinsipi ilə bölgəyə müdaxilə məsələsini də aktuallaşdırsın. Və bu, Xankəndiyə hərbi müdaxilədən daha çox, İrəvana, Moskvaya, eləcə də separatçı-terrorçulara qarşı kart olaraq istifadə etmək məqsədi daşıya bilər. Bir gün Xankəndidə Azərbaycan vətəndaşlığını tələb edən ermənilərin mitinq keçirməsini görsək, o qədər də təccüblü olmaz.

Asif Nərimanlı

1