Prezident Anatoliy Rafailovu “Şöhrət” ordeni ilə təltif etdi

14:43 / 04.02.2023
1085

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoliy Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 1953-cü ildə Bakı şəhərində anadan olan Anatoliy Rafailovun fevralın 5-də 70 yaşı tamam olur. 

Anatoliy Rafailov Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirib. Rus, ingilis və fars dillərini bilir. 1972-1974-cü illərdə hərbi xidmət keçib, 1974-1981-ci illərdə ali məktəbdə təhsil alıb. 1981-1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışıb, 1982-2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001-2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olub. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir.

Anatoliy Rafailov 2020-ci ildə 53 saylı Quba-Qusar Seçki Dairəsindən deputat seçilib. Bitərəfdir, Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Bolqarıstan, Cibuti, Əfqanıstan, Rusiya, Tacikistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 1 övladı var.

0