Gəmilər artıq Ukrayna limanlarına daxil olmur - Blokada var?

DÜNYA
14:08 / 23.07.2026
53

Ukrayna limanlarına gəmi girişləri tam dayandırılıb, lakin dəniz ixracının blokadaya alındığını söyləmək hələ mümkün deyil. Bu barədə Ukraynanın aqrar siyasət naziri Taras Visotski jurnalistlərlə söhbəti zamanı bildirib.

HİT.az xəbər verir ki, "Latifundist" nəşrinin məlumatına görə, nazir qeyd edib ki, iyulun 21-də hələ də limanlara 4-5 gəmi daxil olub.

"Bu, çox deyil, amma hərəkət var idi. Hazırda isə gəmilərin girişləri dayandırılıb. Bu, gəmi sahiblərinin qərarıdır, dövlət tərəfindən hər hansı məhdudiyyət tətbiq edilməyib", deyə Visotski bildirib.

Nazir vurğulayıb ki, hökumət problemin həlli üzərində çalışır, çünki dəniz dəhlizinin sabit fəaliyyəti milli təhlükəsizlik məsələsidir.

Onun sözlərinə görə, limanlardakı vəziyyət həftəlik deyil, faktiki olaraq gündəlik dəyişə bilər. Hazırda fasilənin nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.

Visotski bildirib ki, mövcud vəziyyət artıq dörd gündür davam edir və bu səbəbdən ixrac həcmlərinə ciddi təsir göstərməyib.

"Artıq dörd gün keçib. Bu, əhval-ruhiyyəyə və qiymətlərə təsir edir, amma ixrac həcmləri üçün hələ kritik vəziyyət yaranmayıb. Bir gün və ya hətta bir həftə ərzində yükləmələrin olmaması illik göstəricilərə təsir etməyəcək. Real təsir yalnız vəziyyət bir neçə ay davam edərsə hiss olunacaq", – deyə nazir bildirib.

Bununla yanaşı, dünyanın ən böyük dəniz konteyner daşımaları operatorlarından biri olan "Maersk" şirkəti Ukraynanın Çornomorsk limanı vasitəsilə xidmətlərini dayandırdığını açıqlayıb.

"Reuters"un məlumatına görə, qərar Rusiya tərəfindən Ukraynanın dəniz ixrac marşrutlarına hücumların gücləndirilməsindən sonra qəbul edilib.

"Maersk" bu ay Çornomorsk limanında fəaliyyətini dayandıran ikinci böyük şirkət olub. Bundan əvvəl Ukraynanın iri taxıl ixracatçısı "Kernel Holding" Rusiya hücumları səbəbindən limandakı fəaliyyətini dayandırmışdı.

Şirkətdən bildirilib ki, Çornomorskdan həyata keçiriləcək bütün idxal daşımaları Rumıniyanın Konstansa limanına yönləndiriləcək.

Ümumukrayna Aqrar Şurasının sədr müavini Denis Marçuk bildirib ki, Rusiya tərəfindən liman infrastrukturuna və nəqliyyat gəmilərinə edilən hücumlar nəticəsində Ukraynanın aqrar məhsullarının dəniz yolu ilə ixracı faktiki olaraq dayanıb.

Onun sözlərinə görə, vəziyyət hələ kritik həddə çatmayıb, lakin belə davam edərsə, iki-üç ay ərzində ciddi problemlər yarana bilər.

Bundan əvvəl Ukraynanın Qara dənizdə taxıl ixracı üçün istifadə etdiyi liman imkanlarının təxminən üçdə birini Rusiya hücumları nəticəsində itirdiyi barədə məlumat yayılmışdı.

Samir
 

0