2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
Maraqlıdır ki, MİQ imtahanında tarix müəllimi ixtisası üzrə imtahan verən müəllimlər digər fənn müəllimlərilə müqayisədə daha yüksək bal toplayıblar.
MİQ imtahanında tarix müəllimləri olan Rəcəb Zeynallı və Çəmən Əliyeva ən yüksək nəticə, 98,75 bal toplayıblar. 98,75 bal toplayan digər müəllim isə fiziki tərbiyə müəllimliyi üzrə imtahan verən Aytac Məmmədovadır.
Niyə MİQ-də tarix fənni üzrə imtahan verənlər daha yüksək bal toplaya bilib?
Milli Məclisin sabiq deputatı, təhsil eksperti Sona Əliyeva "Bakupost"a bildirib ki, bu gün əldə olan məlumatlar tarix fənninin digər fənlərdən daha asan olduğunu söyləməyə əsas vermir: “Çünki MİQ üzrə bütün fənlərin orta bal göstəriciləri hələ ictimaiyyətə təqdim edilməyib. Yəni biz hazırda ümumi statistikanı deyil, ən yüksək nəticə göstərən namizədləri müzakirə edirik. Bu baxımdan, məsələyə "tarix fənni asandır" prizmasından yanaşmaq doğru deyil”.
Əksinə, ekspertin sözlərinə görə, burada bir neçə amilin üst-üstə düşdüyünün şahidi oluruq: “Birincisi, tarix fənninin qiymətləndirilmə xüsusiyyətləri diqqət çəkir. Tarix müəllimliyi üzrə ixtisas sualları daha çox faktoloji biliklərə, səbəb-nəticə əlaqələrinin qurulmasına və mətnin təhlilinə əsaslanır. Əgər namizəd proqramı sistemli şəkildə mənimsəyibsə, ixtisas blokunda yüksək nəticə göstərmək ehtimalı artır. Dəqiq və təbiət elmlərində isə bəzən kiçik hesablama səhvi bir neçə bal itkisinə səbəb ola bilir”.
Müsahibimiz burada tarix müəllimliyi ixtisası üzrə hazırlıq mühitinin kifayət qədər güclü olması amilini də qeyd etdi:
“Son illərdə MİQ və sertifikasiya imtahanlarına hazırlıq kurslarına nəzər saldıqda tarix fənni üzrə geniş sınaq bazalarının, metodik vəsaitlərin və peşəkar hazırlıq proqramlarının formalaşdığını görürük. Güclü rəqabət mühiti isə öz növbəsində yüksək nəticələrin əldə olunmasına təsir göstərən əsas amillərdən biridir. Üçüncüsü, MİQ-in mövcud qiymətləndirmə sistemi də müəyyən üstünlüklər yarada bilir. İmtahanın strukturuna baxdıqda görürük ki, namizəd yüksək ixtisas biliyinə malikdirsə və metodika blokunda minimum səhvə yol verirsə, maksimum nəticəyə çox yaxın bal toplamaq mümkündür. Bu isə bir daha göstərir ki, yüksək bal yalnız fənnin çətinlik və ya asanlıq dərəcəsi ilə ölçülmür.
Sabiq deputat hesab edir ki, tarix müəllimi tədris prosesində davamlı olaraq böyük həcmli mətnlərlə işlədiyindən, məlumatları müqayisə, səbəb-nəticə əlaqələrini təhlil etdiyindən bu tip bacarıqlar MİQ imtahanının metodika və situasiya tipli suallarında da həmin fənn üzrə namizədə müəyyən üstünlüklər verir:
“Bu nəticələr həm də onu göstərir ki, müəllim hazırlığı sistemində hansı fənlər üzrə daha güclü akademik mühit formalaşıb, hansı qiymətləndirmə mexanizmləri daha effektiv işləyir və gələcəkdə imtahan modellərinin hansı istiqamətdə təkmilləşdirilməsinə ehtiyac var”.
Amma bununla yanaşı, həmsöhbətimiz hazırda "tarix fənni önə çıxıb" deməyin hələ tez olduğu qənaətindədir:
“Bunun üçün bizə rəsmi statistika lazımdır. Məsələn, tarix fənni üzrə neçə nəfərin imtahan verdiyini, orta balın neçə olduğunu, digər fənlərlə müqayisədə yüksək nəticələrin hansı faiz təşkil etdiyini bilmədən qəti nəticə çıxarmaq elmi baxımdan düzgün deyil. Ümumiyyətlə, MİQ nəticələrinə təkcə rekord bal prizmasından baxmaq kifayət deyil.
Bu gün tarix müəllimlərinin yüksək nəticə göstərməsi, ilk növbədə, onların hazırlıq səviyyəsinin, rəqabət mühitinin və imtahan strukturunun birgə təsirinin nəticəsi kimi görünür”.


