Xankəndidə 2 sentyabr tarixinə hazırlıq - Bakı hansı addımı atacaq?

SİYASƏT
19:26 / 25.08.2023
470

Qarabağdakı separatçılar 2 sentyabr tarixində qondarma “artsaxın müstəqillik günü”nə hazırlaşır: analoji hazırlıq Ermənistanda da aparılır, əsas məqsəd “blokadada mübarizə aparan xalq” görüntüsü yaratmaq və “azadlıq uğrunda mübarizəni” nümayiş etdirməkdir;

44 günlük müharibədən sonra separatçılar 2 sentyabr tarixində eyni “dövlətcik” oyunlarını təşkil edirlər, lakin nəticə olaraq heç nə dəyişmir və son üç ildə Qarabağda baş verən proseslər Bakının əlini daha da gücləndirir, Xankəndi ətrafında halqa getdikcə daralmaqdadır. Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra isə heç vaxt de-yure mövcud olmayan qondarma “artsax” de-fakto da sonuna doğru yaxınlaşır.

Lakin rəsmi Bakının müəyyən qədər təmkinli davranması separatçıların “dövlətcik” oyunlarını davam etdirməsinə də səbəb olub. Bu baxımdan, sentyabrın 2-də praktiki addımla bu oyunlara son qoymaq da mümkündür, xüsusilə son baş verənlər Qarabağ iqtisadi rayonunda müəyyən addımları zəruri edir.

Birincisi, separatçılar nə Ağdam marşrutunu qəbul edir, nə də erməni əhalisinin bu haqda düşünməsinə imkan verir, beləliklə, reinteqrasiyanın önünü bloklayır;
İkincisi, hərbi mövqelərini gücləndirir, yeni atəş mövqeləri yaradır, eyni zamanda, əhalinin silahlandırılmasını da həyata keçirir: Ruben Vardanyanın erməni gəncləri “ekstremal şəraitdə sağ qalmaq” təlimi adı altında hazırlaşdırması, Karen Matevosyan “milis dəstəsi” adı altında terror qruplaşması formalaşdır və digər addımlar bunu təsdiq edir.

İstisna deyil ki, rəsmi Bakı bu cəhdlərin qarşısını almaq məqsədilə praktiki həmləyə əl atsın. Misal üçün, separatçıların qondarma “müstəqillik günündə” onların yeni yaratdıqları atəş mövqelərini sıradan çıxarmaq belə addımlardan biri ola bilər.

Asif Nərimanlı

0