Növbəti hədəf - Zəngəzur dəhlizi

SİYASƏT
16:23 / 29.09.2023
453

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Dublində Avropa Parlament Sədrlərinin Konfransında çıxışı zamanı Zəngəzur dəhlizi məsələsinə də toxunub. O bildirib ki, Zəngəzur dəhlizinin açılması regionun xeyrinədir.

Qarabağın işğaldan tamamilə azad olunmasından, Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra əsas hədəf Zəngəzur dəhlizi olacaq? Rəsmi Bakının bu hədəfinə də qısa zamanda nail olacağı şübhə doğurmur.

Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülhə gedən prosesdə Zəngəzur dəhlizi önəmli rol oynayacaq:

"Onun bu cür açıqlama verməsi, xüsusilə Avropa Parlament Sədrlərinin Konfransında belə bir açıqlama verməsi təsadüfi deyil. Bilirik ki, bir neçə müddət öncə Rəcəb Tayip Ərdoğan da Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana mesaj verdi. Türkiyə Xarici İşlər naziri Hakan Fidanla Ermənistan xarici işlər naziri Arorat Mirzoyan arasında da bu barədə telefon danışığı  oldu. Son açıqlamalar, məhz regionda başverən proseslərdə Zəngəzur dəhlizi məsələsinin də aktuallığını göstərir. Bu dəqiqə ən önəmli məsələ Qarabağda vəziyyətin tam normal hala salınmasıdır. Ondan sonra düşünürəm ki, Zəngəzur dəhlizi məsələsi üzərində tərəflər daha ciddi və qətiyyətli dayanacaq. Bu da bizim üçün ümidverici haldır. Hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında sülhə gedən prosesdə Zəngəzur dəhlizi önəmli rol oynayacaq. Qarabağ məsələsi tam yekunlaşıb, Azərbaycan dövlət strukturları orada yerləşəndən sonra Zəngəzur məsələsi reallığa qovuşacaq. Zəngəzur dəhlizinin hansı formada olursaz, olsun açılması qaçılmazdır".

Aynur Əli

0