Ermənistan üçün son şans: "Sülh müqaviləsi imzalanmasa Paşinyanın..."

SİYASƏT
12:20 / 06.11.2023
937

Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsi uzun müddətdir gündəmdədir.

Əslində 44 günlük Vətən müharibəsinin başa çatmasından bəri sülh müqaviləsinin imzalanması gündəmdə olsa da rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyi buna mane olur. Düzdür, Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və parlamentin spikeri Alen Simonyan dəfələrlə sülh müqaviləsinin imzalanma ehtimalından danışıblar. Onlar, hətta konkret müddət ərzində bunun baş verəcəyini desələr də, Ermənistanın addımları fərqli olub. Yəni İrəvan hakimiyyəti hər zaman olduğu kimi sözdə fərqli, əməldə fərqli ritorika ilə çıxış edib.

Ümumiyyətlə, indiki vəziyyətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə zaman imzalana bilər?

Politoloq Kənan Novruzov HİT.az-a açıqlamasında bildirib ki, əslində proses addım-addım sülh müqaviləsinə doğru gedir:

"Əgər Ermənistan fürsətlərdən istifadə etməsə, ən çox ziyan çəkən yenə də özü olacaq. Hətta düşünürəm ki, sərhədlər müəyyənləşmədiyi üçün lazım gələrsə hərbi əməliyyatlarla sərhədləri müəyyənləşdirmək hüququmuz var. Həmçinin, Ermənistan sülh müqaviləsindən uzaq durduqca özünü regional əməkdaşlıqdan təcrid edəcək. 

Rəsmi İrəvan onu da nəzərə almalıdır ki, sülh müqaviləsi imzalanmadan Ermənistana qarşı kənar təzyiqlər artacaq. Bu isə Paşinyanın həm siyasi hakimiyyətinə, həm də şəxsi təhlükəsizliyinə təhdiddir".

Politoloq qeyd edib ki, cari ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir:

"Əsas problemlərdən biri Qarabağdakı qondarma rejimin mövcudluğu idi. Məhz qondarma rejim konstruktiv mühitə mane olurdu. Biz isə o məsələni həll etdik. Növbədə isə sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya prosesidir. 

O cümlədən, Zəngəzur məsələsinin açılması məsələsi də həllini tapmalıdır. Hətta sözügedən dəhlizin Ermənistandan deyil, İran ərazisindən keçmə ehtimalı da var. O da bizim maraqlarımıza uyğundur".

Pərviz

0