İlham Əliyevin İtaliyada verdiyi mesajlar: müharibə kimin xeyrinə bitəcək?

SİYASƏT
15:00 / 09.09.2024
340
Prezident İlham Əliyevin ötən həftə İtaliyaya işgüzar səfəri bir sıra geosiyasi proseslər və yeni çağırışlar fonunda strateji əhəmiyyət kəsb edir. Burada iki önəmli məsələyə xüsusilə toxunmaq zərurəti var.
 
Birincisi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan payı;
 
İkincisi, Rusiyanın Avropa bazarından çıxmasından sonra Azərbaycanın üzərinə düşən yeni vəzifələr, yaxud yaranan yeni imkanlardır;
 
Enerji bazarında xüsusilə "qaz müharibələri” adlandıra biləcəyimiz rəqabətin kəskinləşməsi geosiyasi çətinliklər də yaradır, xüsusilə Azərbaycan üçün bu yol heç də "hamar” deyil. Çünki bir tərəfdə Avropa ilə enerji tərəfdaşlığı, digər tərəfdə Avropanın enerji bazarından çıxan Rusiya ilə münasibətlər var və geosiyasi rəqabətdə yazılmayan "qaydalar”a görə, Moskva onun yerini tutan oyunçunu xoş qarşılamamalıdır. Lakin Azərbaycan həm Avropanın enerji təhlükəsizliyində rolunu artırmağı, həm də Rusiya ilə strateji münasibətlərini saxlamağı bacarır. Bu, Prezident İlham Əliyevin beynəlxalq münasibətlərdə "master-klass” hesab olunan strategiyasının nəticəsində mümkün olub.
 
Burada əsas diqqətçəkən məqamlardan biri Rusiya qazının da Azərbaycan üzərindən Avropaya çatdırılması perspektividir. Bu, həm Ukrayna müharibəsində görə Rusiya qazından imtina edən Avropa üçün vacibdir, həm də bazarda payı azalan Rusiya üçün. Azərbaycan geosiyasi rəqabətdə ayırıcı yox, birləşdirici rol oynamağı bacarır.
 
Nəticə ortadadır: Azərbaycan faktiki olaraq, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Prezident İlham Əliyevin "Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında bu məqamlar xüsusilə diqqət çəkdi.
 
Prezident Cənub Qaz Dəhlizindən və onun imkanlarının artırılması perspektivindən bəhs etdi.
 
"Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Qeyd etdiyim kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq”, - dövlət başçısı bildirib.
 
Azərbaycan liderinin bu çıxışında mühüm mesajlar yer alır:
 
- Azərbaycanın Avropanın etibarlı tərəfdaş olmasını Avropa Komissiyası bəyan edir: bu, Avropada anti-Azərbaycan mövqeyi sərgiləyən qüvvələrə ünvanlanan mesajdır;
 
- Cənub Qaz Dəhlizi kəmərinin artım potensialı var: Əliyev bununla Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha çox rol oynaya biləcəyinə diqqət çəkir;
 
- Avropada Azərbaycandan qaz alan 10 ölkənin 7-sinin Avropa İttifaqının üzvü olması Bakı və Brüssel arasındakı əməkdaşlığın nümunəsidir;
 
Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Slovakiya Azərbaycandan qaz alan Avropa ölkələridir. Bosniya və Herseqovina, Monteneqro və Şimali Makedoniya da Azərbaycandan qaz idxal etmək istiqamətində danışıqlar aparır. Beləliklə, Azərbaycan Avropanın böyük bir hissəsinin qaz təchizatını həyata keçirən ölkə rolunda çıxış edir.
 
Bu kontekstdə Avropada Azərbaycana qarşı əsassız qarayaxma kampaniyalarının aparılması, konkret desək, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin mandatının ədalətsiz şəkildə ləğv edilməsi məsələsi düşündürücüdür. Sual yaranır: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı halda, AŞPA, eləcə də digər strukturlar rəsmi Bakıya qarşı niyə qərəzli münasibət sərgiləyir?
 
Bunun əsasən Avropa strukturlarında kök atmış erməni lobbisinin fəaliyyəti olduğu bəllidir. Lakin rəsmi Brüssel başda olmaqla, Avropa bu məsələyə bir daha baxmalı və Azərbaycana qarşı addım atarkən iki dəfə düşünməlidir. Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı çıxışında bununla bağlı açıq mesajlar yer alırdı.
 
Birincisi, Prezident AŞPA da daxil olmaqla, Avropa strukturlarında anti-Azərbaycan mövqeyin gerçək səbəbini açıqladı. Bəyan etdi ki, Avropa Şurasının Parlament Assambleyasının bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi suverenliyimizi bərpa etdiyinə görə Azərbaycana qarşı tətbiq edilən sanksiya idi. Əliyev bununla:
 
- Avropaya "Azərbaycana qarşı atılan addımların pərdəarxasına bələdik” mesajını verdi;
 
- Avropada Azərbaycanı tərəfdaş hesab edən ölkələrə Bakıya qarşı siyasətin arxasındakı məsələni nümayiş etdirdi;
 
İkincisi, Avropa Şurası ilə münasibətlərin bərpası üçün konkret şərti elan etdi: Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərar dəyişdirilərsə, rəsmi Bakı da AŞPA-nın "arzuolunmaz şəxs” elan etdiyi üzvlərinə qarşı qərarı dəyişdirəcək. Başqa sözlə desək, Azərbaycan nümayəndə heyətinin mandatı bərpa olunmadığı müddətdə Azərbaycan əleyhinə səs verən deputatların ölkəyə girişində məhdudiyyət qalacaq.
 
Prezident İlham Əliyev hər şeyi açıq və konkret olaraq diqqətə çatdırdı. Və bununla Azərbaycanın prinsipial mövqeyini bir daha ortaya qoydu. İndi növbə Avropa İttifaqındadır: onlar üçün bir tərəfdə Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mühüm rol oynayan Azərbaycan, digər tərəfdə erməni lobbisinin maraqları var. Avropa öz taleyini, öz təhlükəsizliyini düşünməli, bunu maraq qruplarının oyunlarına qurban verməməlidir. Əks təqdirdə, Azərbaycan kimi etibarlı tərəfdaşla münasibətlərində problemlər qalmaqda davam edəcək və bu, Avropanın enerji təhlükəsizliyinə risklər yaradır.
 
Asif Nərimanlı
 
0