Avstraliya səhvən Çinə F-35 ehtiyat hissələri göndərdi: Detalların bir hissəsi yoxa çıxdı

DÜNYA
13:08 / 25.09.2026
43

Avstraliya səhvən ABŞ istehsalı F-35 qırıcılarının nasaz ehtiyat hissələri və komponentlərindən ibarət partiyanı Çinə göndərib. Həmin hissələr təmir və ya utilizasiya üçün ABŞ-a çatdırılmalı idi. Detalların bir hissəsi daha sonra Honq Konqda qalıb. 

HİT.az xəbər verir ki, bu barədə “Bloomberg” vəziyyətdən xəbərdar olan anonim mənbələrə istinadən yazıb.

Nasaz komponentlərdən ibarət partiyanın Avstraliyadan ABŞ-a “UPS” poçt xidmətinin təyyarəsi ilə göndərilməsi planlaşdırılırdı. Lakin təyyarə ABŞ-a yola düşməli olduğu Cənubi Koreyaya endikdən sonra marşrutunu dəyişərək Honq Konqa uçub.

Göndərilən detalların dəqiq siyahısı hələ açıqlanmayıb. Məlum olan odur ki, onların arasında F-35-in kabin örtükləri və daxili silah bölmələrinin qapıları olub.

“Bloomberg” mənbələrinin məlumatına görə, partiyanın bir hissəsi tranzit yük kimi qalmayıb və faktiki olaraq Honq Konqa çatıb. Söhbət, xüsusilə, kabin örtükləri və daxili silah bölmələrinin qapılarından gedir.

Bu vəziyyət qırıcı komponentlərinin ətraflı şəkildə öyrənilməsi ehtimalına görə narahatlıq doğurur. F-35-in bəzi elementlərini örtən radiodalğaları udan materiallar xüsusi maraq kəsb edə bilər.

Bu cür materialların tərkibi, konstruksiyası və istehsal texnologiyası həssas texnologiyalar hesab olunur. Fiziki nümunələrin çinli mütəxəssislərin əlinə keçməsi onların texniki analizinin aparılmasına və F-35-in stels texnologiyasının xüsusiyyətlərinin öyrənilməsinə potensial imkan yarada bilər.

Bundan əlavə, komponentlərin ətraflı araşdırılması az görünən xüsusiyyətlərə malik təyyarələrin hazırlanması zamanı istifadə oluna biləcək məlumatların əldə edilməsinə imkan verə bilər.

ABŞ və Avstraliya insidenti araşdırır

Hazırda ABŞ və Avstraliya insidentin hallarını araşdırır. Xüsusilə komponentlərdən ibarət partiyanın Honq Konqa gedən marşruta necə düşdüyü və detalların bir hissəsinin nə üçün orada qaldığı müəyyən edilməlidir.

Çin tərəfi hələlik vəziyyətlə bağlı açıqlama verməyib.

Çinli mütəxəssislərin F-35 komponentləri vasitəsilə əldə edə biləcəyi məlumatların dəqiq həcmi hazırda məlum deyil. Rəsmi araşdırmaların nəticələri insidentin təfərrüatlarına və qırıcının texnologiyalarının təhlükəsizliyi üçün mümkün nəticələrə daha çox aydınlıq gətirməlidir.

Samir
 

0