Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü oldu - YENİLƏNİB

SİYASƏT
13:15 / 13.11.2024
227

Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub.

HİT.az xəbər verir ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

Daha sonra prezidentlər çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

-Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli Şavkat Miromonoviç.

Əziz dostlar.

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan münasibətlərinin tarixində əlamətdar hadisədir. Üç qardaş ölkə bu gün öz əməkdaşlığını yeni səviyyəyə qaldırır. Sazişin imzalanması, deyərdim ki, tarixi hadisədir. Biz ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndiririk və yaşıl enerji sahəsində fəal əməkdaşlıq edəcəyik. Həmçinin deyərdim ki, imzaladığımız bugünkü Saziş Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır. Mahiyyət etibarilə, Mərkəzi Asiya və Qafqaz regionlarında inteqrasiya prosesləri, nəqliyyat, energetika, ticarətlə bağlı proseslər bu gün deməyə imkan verir ki, bu iki region bir çox məsələlərdə, o cümlədən yaşıl enerjinin inkişafı sahəsində sinxron fəaliyyət göstərir.

Biz Özbəkistanda, Qazaxıstanda və Azərbaycanda bərpaolunan enerji mənbələrinin yaradılması üzrə artıq əldə edilmiş böyük planlar və nəticələr haqqında bilirik. Yəni, biz, belə demək mümkünsə, paralel kursla gedirik və Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkəmiz arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlıqdır.

Dünən konfransdakı çıxışımda Azərbaycandan Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkməsi ilə bağlı ölkəmizin artıq həyata keçirilməkdə olan planlarından danışdım. Bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik. Xüsusilə sevindirici haldır ki, bu Saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır. Özbəkistanla münasibətlərimiz bu il müttəfiqlik münasibətləri səviyyəsinə çatıb, müvafiq saziş imzalanıb. Qazaxıstanla artıq uzun müddətdir ki, strateji tərəfdaş kimi əməkdaşlıq edirik. Qarabağın bərpasında bizə ilk yardım edən ölkələr Özbəkistan və Qazaxıstandır. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına yaradıcılıq mərkəzi bu gün qardaşlığımızın bariz sübutudur. Əminəm ki, biz gələcəkdə də həmişə bir yerdə olacağıq və bir-birimizi dəstəkləyəcəyik. Əziz dostlarım, qardaşlarım Şavkat Miromonoviçə, Kasım-Jomart Kemeleviçə COP29-da iştirak etdiklərinə və öz iştirakları və dəyərli fikirləri, mesajları ilə tədbirimizi zənginləşdirdiklərinə görə minnətdaram.

Əziz dostlarıma bir daha təşəkkür etmək istəyirəm. Həmçinin bu gün burada iştirak edən əziz dostumuz, Səudiyyə Ərəbistanının nazirinə və Səudiyyə Ərəbistanından olan bütün dostlarımıza minnətdarlığımı ifadə edirəm. Dünən haqqında danışdığım “ACWA Power” şirkəti bizim yaxşı tərəfdaşımız, investorumuzdur və həm Azərbaycanda, həm də Mərkəzi Asiyada fəaliyyət göstərir. Ona görə də bu gün bu mərasimdən sonra əməkdaşlığımızı genişləndirən daha bir mərasim olacaq. Bu, Yaxın Şərqi, Mərkəzi Asiyanı, Xəzər regionunu, Qafqazı, Qara dənizi və Avropanı əhatə edir.

Beləliklə, mən bizim hamımızı təbrik edirəm və arzum budur ki, bu layihənin tezliklə həyata keçirilməsinin şahidi olaq. Sağ olun.

x x x

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.

Daha sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.

İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.

11:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin noyabrın 13-də üçtərəfli görüşü olub.

Hİt.az xəbər verir ki, sonra Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar.

Daha sonra prezidentlər çıxış ediblər.

Sonra Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı Krallığı arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması mərasimi olub.

İmzalanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun görüşü keçirilib.

0