Polisdən Teylor Sviftlə bağlı qeyri-adi “cəza”: Sosial şəbəkələrdə gündəm oldu

DÜNYA
17:13 / 02.10.2026
53

Şimali Karolina ştatının Qrinsboro şəhərinin polisi sentyabrın 29-da sosial şəbəkədə zarafatla bildirib ki, həmin gecə saxlanılan şəxslər Teylor Sviftin yeni mahnılarını “təkrar-təkrar” dinləməli olacaqlar.

HİT.az xəbər verir ki, söhbət müğənninin “The Life of a Showgirl: The Encore” albomunun delüks versiyasına daxil edilən dörd yeni mahnıdan gedir.

Polisin yumoristik paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İki gün ərzində paylaşım təxminən 4 milyon baxış və 100 mindən çox bəyənmə toplayıb.

Lakin zarafatı hamı gülməli hesab etməyib. Tənqidçilər polisi müğənnini və onun pərəstişkarlarını lağa qoymaqda ittiham ediblər. Digər istifadəçilər isə paylaşımı daha sakit qarşılayıblar. Onlardan biri yazıb: “Şərhləri oxuyanda istər-istəməz düşünürsən ki, bəzi insanlar yumor hissi olmadan necə onilliklər boyu yaşaya biliblər”.

Bəzi istifadəçilər polisin həqiqətən məşğul olacağı başqa işinin olub-olmadığını soruşublar.

Əhalisi təxminən 300 min nəfər olan Qrinsboro yüksək cinayətkarlıq səviyyəsi ilə seçilən şəhərlərdən biri hesab olunur. ABŞ Federal Təhqiqatlar Bürosunun məlumatına görə, şəhərdə ümumi cinayətkarlıq səviyyəsi ABŞ üzrə orta göstəricidən iki dəfədən çox yüksəkdir.

Polisin reaksiyası da gecikməyib. Qurum başqa bir paylaşımında yazıb: “Teylor-botları narahat etdiyimiz üçün üzr istəyirik. Zəhmət olmasa, ‘The Life of a Showgirl’ albomunu dinləməyə davam edin”.

Samir
 

0