Böyük Britaniya hökuməti təyyarələrdə uşaqların valideynlərindən və onları müşayiət edən böyüklərdən ayrı yerləşdirilməsinin qarşısını almaq üçün yeni qaydalar hazırlayıb.
HİT.az xəbər verir ki, qanun layihəsinə əsasən, 14 yaşadək uşaqlar valideynləri və ya onları müşayiət edən böyüklərlə yanaşı pulsuz oturacaq. Bu dəyişiklik qüvvəyə mindikdən sonra aviaşirkətlər ailələrdən uşaqları ilə birlikdə əyləşmək üçün əlavə ödəniş tələb edə bilməyəcək.
Hazırda bəzi aviaşirkətlər sərnişinlərə əvvəlcədən oturacaq seçimi üçün ödəniş təklif edir. Ailə üzvlərinin uçuş zamanı yanaşı əyləşməsi üçün tələb olunan bu əlavə məbləğ xüsusilə uşaqlı ailələrin səyahət xərclərini artırır. Böyük Britaniyanın Nəqliyyat Nazirliyinin hesablamasına görə, valideynin uşaqla həm gediş, həm də dönüş reysində yanaşı oturması üçün əlavə ödəniş 104 funt sterlinqə qədər yüksələ bilər.
Bundan başqa, hökumətin hazırladığı yeni qaydalar aviabilet bronu zamanı sərnişinin adında buraxılmış səhvlərin düzəldilməsi ilə bağlı ödənişlərə də şamil olunacaq. Sərnişinlər belə texniki səhvlərin düzəldilməsi üçün əlavə məbləğ ödəməli olmayacaqlar.
Böyük Britaniyanın Baş naziri Endi Börnham bildirib ki, bu dəyişikliklər ailələrin səyahət zamanı qarşılaşdığı çoxsaylı əlavə və kiçik ödənişlərin aradan qaldırılması kampaniyasının bir hissəsidir. Onun sözlərinə görə, valideynlərdən yalnız uşaqları ilə yanaşı oturmaq üçün pul tələb edilməsi qəbuledilməzdir.
Yeni qaydaların 2027-ci ilin yay tətili mövsümünün başlanmasına qədər qüvvəyə minməsi planlaşdırılır.
Samir


