"Ali Məhkəmənin “ReAl”la bağlı qərarı göstərir ki...”

SİYASƏT
19:08 / 23.04.2020
1149

"Azadlıqdan məhrumetmənin hər hansı ölçüsü, qiyməti ola bilməz".

Hit.Az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Ali Məhkəmənin bu gün "Real" partiyasının sədri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı bəraət qərarından danışarkən deyib. Əliməmməd Nuriyev Ali Məhkəmənin qərarını dəstəklədiyini qeyd edib:

"Avropa Məhkəməsinin bununla bağlı qərarları vardı. Avropa Məhkəməsinin qərarlarına Azərbaycanda baxılıb icra olunmalıdır. Bu baxımdan Ali Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq məsələyə baxıb və bəraət qərarını verib. Bu, normal yanaşmadır. Əlbəttə ki, mən işin materialları ilə tanış deyiləm. Ona görə hər hansı bir fikir söyləməyim doğru olmaz. Ali Məhkəmə yüksək bir instansiyadır və qanunu əsas götürərək qərar çıxarıb. Buna yalnız sevinmək olar. Ali Məhkəmənin istər İlqar Məmmədov, istərsə də Rəsul Cəfərovla bağlı verdiyi qərar həm hüququn aliliyinin təmin edilməsi baxımından əhəmiyyətlidir, həm beynəlxalq öhdəliklərin icrası istiqamətində Azərbaycanın bu məsələyə yanaşması, həm də insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından bəraət hökmünün götürülməsi yaxşı haldır. Hesab edirəm ki, belə qərarları yalnız alqışlamaq lazımdır".

Əliməmməd Nuriyev həmin şəxslərin əvvəlki vəziyyətinin bərpa olunduğunu vurğulayıb: 

"Bu insanlar məhkəmə qərarlarının yalnış olması nəticəsində müəyyən ziyan çəkib, zədə almışdılar. Əlbətə ki, bununla bağlı kompensasiya olmalı idi. Mənə elə gəlir ki, bir şəxs müəyyən müddət azadlıqdan mərhrum edilib, cəza çəkibsə, belə kompensasiyanın verilməsinə normal yanaşamaq lazımdr. Azadlıqdan məhrumetmənin hər hansı ölçüsü, qiyməti ola bilməz. Bir gün azadlığın qiyməti ölçüyə sığmayan məsələdir. Bu gün Azərbaycan məhkəmələrini ittiham edirlər. Deyirdilər ki, müstəqil qərar qəbul etmir. Hesab edirəm ki, bu qərar məhkəmələrin müstəqilliyi istiqamətində mühüm addım olacaq".   

Qeyd edək ki, Ali Məhkəmənin Plenumunun qərarı ilə İlqar Məmmədov və Rəsul Cəfərovun təqsirliliyi barədə ittiham hökmləri ləğv edilib. Məhkəmə şəxslərə dəyən mənəvi zərərə görə Rəsul Cəfərova 57400, İlqar Məmmədova isə 234 min manat kompensasiya təyin edib.

0