Ursula fon der Lyayen Azərbaycana gəlir: Gözləntilər nələrdir?

SİYASƏT
11:47 / 01.07.2026
253

Bu gün Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Azərbaycana gələcək.

Bu, xanım sədrin 2022-ci ilin iyul ayından sonra ölkəmizə ilk səfəri olacaq. Səfər çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti və perspektivlərinin, enerji əməkdaşlığının, eləcə də regional proseslərin müzakirə olunacağı proqnozlaşdırılır.

Politoloq Tural İsmayılov Hit.az-a açıqlamasında səfərdən gözləntilər barədə danışıb.

O bildirib ki, Ursula fon der Lyayenin Azərbaycana səfəri ilk növbədə, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları və regional geosiyasi proseslər kontekstində qiymətləndirilməlidir:
“Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi hələ də prioritet olaraq qalır və bu baxımdan Azərbaycanın etibarlı tərəfdaş statusu daha da güclənib. Təbii qaz ixracının perspektivləri, bərpaolunan enerji sahəsində əməkdaşlıq və Xəzər hövzəsinin yaşıl enerji potensialının Avropaya inteqrasiyası əsas müzakirə mövzularından biri olacaq”.

Ekspertin sözlərinə görə, səfərin digər mühüm istiqaməti isə Orta Dəhliz və Avropa ilə Asiyanı birləşdirən yeni logistika marşrutlarının inkişafıdır: 
“Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə Azərbaycan həm coğrafi mövqeyi, həm də son illərdə yaratdığı nəqliyyat infrastrukturu ilə Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan tərəflər arasında nəqliyyat, rəqəmsal bağlantılar və investisiya layihələri üzrə əməkdaşlığın genişləndirilməsi də gündəmdə olacaq.

Regional təhlükəsizlik məsələləri də danışıqların mühüm hissəsini təşkil edə bilər. Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla normallaşma prosesi, kommunikasiya xətlərinin açılması və regionda dayanıqlı sülhün təmin olunması ilə bağlı fikir mübadiləsinin aparılması gözləniləndir. Avropa İttifaqı regionda sabitliyin iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi baxımından vacibliyini nəzərə alaraq bu mövzulara xüsusi diqqət yetirəcək”.

Politoloq qeyd edib ki, iqtisadi əməkdaşlığın yeni istiqamətləri, yaşıl keçid, rəqəmsal transformasiya, investisiya imkanları və ticarət əlaqələrinin genişləndirilməsi də gündəlikdə yer ala bilər:
“Ümumilikdə, bu səfər Azərbaycan - Avropa İttifaqı münasibətlərinin yalnız enerji tərəfdaşlığı ilə məhdudlaşmadığını, daha geniş geoiqtisadi və geosiyasi əməkdaşlıq platformasına çevrildiyini nümayiş etdirən mühüm diplomatik hadisə kimi dəyərləndirilə bilər”.

Elmir Mustafa

0