“Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin mətbuata bəyanatında diqqət çəkilən əsas məsələlərdən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi olub”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şərq-Qərb marşrutu və Orta Dəhlizin inkişafı region üçün prioritet məsələlər sırasındadır:
“Bu, bütövlükdə region ölkələri arasında iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edəcək. Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalar fonunda region üzərindən daşınan yüklərə maraq və tələbat artıb. Məhz buna görə də nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi əsas prioritetlərdən biri hesab olunur”.

Millət vəkili əlavə edib ki, beynəlxalq yükdaşımalarında regionun, xüsusilə Azərbaycanın strateji əhəmiyyəti daha da artıb:
“Bu, ölkəmizin tranzitdən əldə etdiyi gəlirlərin yüksəlməsinə müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat infrastrukturunun inkişafı və beynəlxalq yükdaşımalarının genişlənməsi yeni investisiyaların cəlb olunmasını zəruri edir. Xüsusilə texnoloji yeniliklərin tətbiqi baxımından xarici sərmayələrin cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Bu səfərin həmin istiqamətdə yeni investisiya imkanlarının formalaşmasına əlavə töhfə verməsi gözlənilir”.
Günel Cəlilova


