Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi - FOTO

SİYASƏT
10:54 / 08.07.2026
123

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.

HİT.az xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırdı, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd edib.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.

Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət edib.

Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib.

Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olunub.

 

0