“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış “Məkkə Sazişi” Yaxın Şərqə güc balansını dəyişmək potensialında olan tarixi bir razılaşmadır”.
Bu sözləri siyasi şərhçi Pərviz Mirizadə Hit.az-a açıqlamasında deyib.
O bildirib ki,myeni hərbi-siyasi blok xüsusiyyətlərinə görə İslam dünyasında bir ilkdir və din daxili ziddiyyətləri nəzərə alarsaq inqilabi xarakterli bir yenilikdir:
“Lakin razılaşmanın tamamilə işlək mexanizmə çevrilməsi ilk növbədə zaman məsələsidir və böyük ölçüdə hər hansı bir sınaqdan, daha dəqiq qeyd edərsək üzv ölkələrə qarşı xarici aqressiya olacağı təqdirdə tətbiq ediləcək yanaşmadan aslıdır.
Bununla belə, Türkiyə və Pakistan kimi İslam dünyasının iki hərbi-siyasi lokomotivinin eyni blokda mövcudluğu bir növ qarantorluğ məsələsidir və ikilinin hərbi gücü, potensialı mövcud razılaşmanı indidən diqqət mərkəzinə çevirir”.
Ekspert “Məkkə sazişi”nin əhəmiyyətindən danışıb:
“Yeni hərbi blokun hərbi, siyasi, iqtisadi, insan resursları kimi parametrlərini göz önünə gətirsək qarşımızda nüvə arsenalına sahib və kifayət qədər yenilikçi hərbi sənaye kompleksinə malik bir güc canlanır. Təbii ki, razılaşmanın ardınca əsas müzakirə mövzusu digər müsəlman dövlətlərinin yeni bloka qoşulmaq perspektivləri ilə bağlıdır”.
Pərviz Mirizadə hesab edir ki, gələcəkdə başqa müsəlman ölkələri də sözügedən sazişə qoşula bilər:
“Düşünürəm ki, irəliləyən zamanda bəzi körfəz ölkələri, İndoneziya, Sudan, Misir kimi dövlətlərin birliyə qoşulmaq ehtimalı yüksəkdir. Xüsusilə, davam edən ABŞ-İran gərginliyi fonunda körfəz ölkələrinin ciddi təhlükəsizlik qayğılarının yaranması bu prosesi sürətləndirəcək əsas faktorlardan biridir.
Proseslər onu göstərdi ki, ABŞ ərəb monarxiyalarını onların gözlədiyi səviyyədə müdafiə etmədi və daha dərin qatlarda məhz İsrailin müdafiəsini körfəz ölkələri üzərindən təmin etməyə çalışdı. Bu isə özlüyündə monarxiyalar üçün yeni bir təhlükəsizlik çətiri formalaşdırmaq ehtiyacı yaradır və indiki situasiyada Türkiyə və Pakistan bu missiyanı qarşılamaq iqtidarında olan güclərdir”.
Elmir Mustafa



