“Təəssüflər olsun ki, həm mövcud Rusiya hakimiyyətinin, həm onun nəzarətində olan kütləvi informasiya vasitələrinin, eyni zamanda bir xeyli şovinist rusun beynində hələ də imperiya və işğalçılıq ambisiyaları qalmaqdadır”.
Bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri, Milli Məclisin deputatı Elşad Musayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, onlar müttəfiq respublikaların hamısında problemlər yaratdılar:
“Hətta SSRİ dağılmazdan əvvəl soyqırımlar törətdilər. İndinin özündə də artıq təqribən 4 il yarımdır ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti davam edir. Baxmayaraq ki, bunu “xüsusi əməliyyat” adlandırırlar, amma bu, onların apardığı işğalçılıq müharibəsidir və davam edir.
Bu kontekstdə ölkəmizə qarşı da münasibətin kəskin olmasının əsas səbəbi Azərbaycanın dövlət olaraq müstəqil siyasət həyata keçirməsidir. Azərbaycan Rusiyanın forpostu olmaq niyyətində olmadığını açıq-aşkar bəyan edib. Azərbaycan güclənib və regionun lider dövlətidir”.
Millət vəkili diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycanın nüfuzu bütün dünyada yuxarı qalxıb:
“Təbii ki, Rusiya bunu heç cür həzm edə bilmir. Ona görə də Rusiya hakimiyyəti özünün o boşboğaz, mənasız media təmsilçiləri vasitəsilə qarayaxma kampaniyası aparır. Bu, təkcə Azərbaycana qarşı deyil; eyni zamanda Qazaxıstana, Özbəkistana, Orta Asiyadakı bütün Türk respublikalarına, Cənubi Qafqaz ölkələrinə və digərlərinə qarşı da eyni siyasət həyata keçirilir.
Yəni əsas səbəb ondan ibarətdir ki, Rusiya Azərbaycanı öz təsirində saxlaya bilmir. Azərbaycan müstəqil siyasət yürüdür, güclənir. Rusiyanın siyasi hakimiyyəti isə isterik vəziyyətdə olduğunu nümayiş etdirərək, faktiki olaraq media təmsilçiləri vasitəsilə düşündüklərini bəyan edir”.
Siyasətçi xatırladıb ki, artıq Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim olunub:
“Zaman-zaman rusların bəzi verilişlərində Azərbaycana qarşı informasiya təxribatına yol verilir. Ümumiyyətlə, SSRİ dağılma ərəfəsində olandan və dağılandan sonra və Ermənistan-Azərbaycan münaqişəsində Rusiya mediası həmişə ermənilərin tərəfində durub, Azərbaycana düşmən münasibət bəsləyib. Baxmayaraq ki, Rusiyanın Azərbaycandakı agentura şəbəkəsi və təsir agentləri fərqli şeylər demək istəyirlər, amma reallıq budur”.
Elşad Musayev vurğulayıb ki, Rusiyaya adekvat cavablar verilməyə davam edəcək:
“İndi də onların “Çastota ponimaniya” adında bir verilişləri var. Orada olanlar da qeyri-ciddi adamlardır, populist bəyanatlar verirlər, başlarından böyük danışırlar. Onların dedikləri boş sözdən başqa bir şey deyil. Ona görə də biz dövlət olaraq götürdüyümüz doğru və düzgün xətti, müstəqil siyasi kursumuzu sona qədər davam etdirməliyik.
Belə olan halda, təbii ki, bunu istəməyənlərin də bu cür mövqeyi ilə rastlaşacağıq. Biz “Sputnik Azərbaycan” və digər məsələlərdə də mövqeyimizi ortaya qoyduq. Onlar bizimkilərə qarşı təxribat törətmişdilər, biz də sərt cavabını verdik. Rusiya bundan sonra da bu kimi məsələlərdə layiq olduğu sərt cavabı alacaq”.
Elmir Mustafa



