Azərbaycan və Avropa İttifaqı əlaqələri İNKİŞAF EDİR

SİYASƏT
14:30 / 19.08.2026
266

“Azərbaycanın Avropa İttifaqı ilə əlaqəsi ötən əsrin axırlarından etibarən karbohidrogen ehtiyatlarının birgə mənimsənilməsi sahəsində əməkdaşlıqla başlayıb”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi şərhçi Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, həmin dövrdə yenidən və yenicə müstəqillik qazanmış ölkəmizin bu əməkdaşlığa böyük ehtiyacı var idi:


“Düzdür, Azərbaycanın öz faydalı qazıntılarını istismar etmək üçün kifayət qədər təcrübəsi və elmi tədqiqatları vardı. Lakin sovet imperiyasının dağılması prosesi ilə yanaşı torpaqlarımızın müəyyən hissəsinin işğala məruz qalması, köhnə sistemdən qalmış yarıtmaz idarəetmə sisteminin yeni dövrün tələblərinə cavab verməməsi, habelə texniki vasitələrinin dünya standartlarına uyğun gəlməməsi işi olduqca çətinləşdirirdi. Ancaq düzgün seçilmiş strategiya, səbirli və təmkinli, ölçülüb-biçilmiş siyasət dövlətimizin ayaq üstə durmasına və öz mənəvi gücü və iqtisadi resursları hesabına gələcəyə doğru inamlı addımlar atmasına səbəb oldu”.

Ekspert qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin qorunması yolunda geosiyasi və iqtisadi marşrutlarından birinin sahibinə çevrildi:
“Əlaqələrin bugünkü spektrini nəzərdən keçirəndə aydın görünür ki, artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır və bu tərəfdaşlıq eninə və dərininə getdikcə daha da təmərküzləşir. Belə ki, Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükü ilə yanaşı, Xəzərdə külək enerjisi, yaşıl enerji və elektrik interkonneksiyaları üzrə əməkdaşlıq üçün geniş imkanlar açılır.

Azərbaycanın coğrafi mövqeyi onu Avropa ilə Mərkəzi Asiya arasında mühüm körpüyə çevirir. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizi, Naxçıvan dəmir yolu və digər bağlantı layihələri həyata keçiriləndən sonra Azərbaycanın tranzit əhəmiyyətini daha da yüksələcək. Bu isə yaxın gələcəkdə həmin yolların Türkiyə vasitəsilə Avropaya qədər uzanmasına şərait yaradacaq”.

Novruz Novruzov hesab edir ki, Azərbaycanın Avropa ilə münasibətlərin gələcəyi yalnız neft-qazdan asılı qalmayacaq:
“İndidən proqnozlaşdırmaq olar ki, tezliklə rəqəmsal iqtisadiyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, logistika, turizm və qeyri-neft sənayesinə Avropa investisiyalarının cəlb edilməsi daha davamlı əməkdaşlığa yol açacaq. Bu bir faktdır ki, tərəflər arasında əlaqələrin inkişafı bütün istiqamətlərdə təhsil və insan resursları arasınra əlaqələri ehtiva edir. 

Hər hansı tərəfdaşlar arasında əlaqələrin inkişafı yalnız regionda sülhün daimi bərqərar olması ilə mümkündür. Qarşılıqlı surətdə tərəflər bu məlum hipotezi dəstəkləyirlər və Cənubi Qafqazda davamlı sülh və açıq kommunikasiyalar Azərbaycan - Avropa əməkdaşlığının iqtisadi potensialını daha da artıra bilər. Təsadüfi deyil ki, 2026-cı ilin iyulunda Avropa İttifaqı regionda bağlantı və sülhə dəstək üçün 200 milyon avroyadək qrant və 2 milyard avroyadək investisiyanı səfərbər etmə potensialı olan paket açıqlayıb”.

Siyasətçi əlavə edib ki, Azərbaycan-Avropa İttifaqı arasında əlaqələrin sürətli inkişafına inam böyükdür: 
“Çünki Azərbaycan həmişə öz tərəfdaşları ilə “qarşılıqlı fayda prinsip” əsasında əməkdaşlıq qurur. Bu isə inkişaf üçün sanballı zəmanət deməkdir. Azərbaycan Avropaya enerji və nəqliyyat imkanları təqdim edir, Avropa isə texnologiya, investisiya, təhsil və institusional təcrübə baxımından Azərbaycana böyük imkanlar yaradır.

2026-cı ildə tərəflər artıq nəqliyyat, enerji, rəqəmsal əlaqələr və investisiya üzrə əməkdaşlığı daha sistemli şəkildə genişləndirməyə başlayıblar. Bu o deməkdir ki, proses uğurla davam edərsə, Azərbaycan Avropa ilə Asiya arasında sadəcə enerji təchizatçısı deyil, enerji, logistika və iqtisadi əməkdaşlığın mühüm regional mərkəzlərindən biri ola bilər”.

Elmir Mustafa

0