Partiya sədri: “Paşinyan erməni cəmiyyətini xilas etməyə çalışır”

DÜNYA
16:00 / 22.09.2026
304

“Ermənistan cəmiyyəti yanlış bir ideoloji təsiri altındadır”.

Bu sözləri Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, ən azından 300 il ərzində bu ideologiya onlarda formalaşdırılıb:


“Guya ermənilərin vaxtilə böyük dövlətləri olub. Yəni bu cür yanlış ideya ilə onların beynini doldurublar. 300 il bundan əvvəl, yəni 18-ci əsrin əvvəllərində o proses başladı və prosesin başında da Vatikan dayanırdu. O dövr üçün Avropa istiqamətində Osmanlıların olduğu Türkiyə və Səfəvilərin olduğu Azərbaycan Vatikana təhlükə təşkil edirdi. Onlar hər an qorxurdular ki, Səfəvilərin Azərbaycan dövləti Avropa istiqamətində hərəkət edəcək. Buna görə də yeni yol axtarırdılar. 

Çünki o dövrdə dünyada iki böyük imperiya var idi. Onların biri Osmanlıların olduğu Türkiyə, digəri isə Səfəvilərin başçılıq etdiyi Azərbaycan imperiyası idi. Bu imperiya başqa bir onların qarşısında dayanana bir qüvvə yox idi. Avropa çox cılız bir vəziyyətdə idi. Yəni İngiltərə, Fransa və ya Almaniya kimi bu gün mövcud olan Avropanın dövlətlərin heç biri ortada yox idi. Əsas aparıcı güc isə Vatikan, Polşa və Venesiya Respublikası idi”.

Tarixçi diqqətə çatdırıb ki, Vatikan məhz həmin dövrdə erməniləri seçdi:
“Çünki ermənilər o dövrdə millət kimi deyil, dini icma kimi formalaşmışdılar. Vatikanda onların bir qrup nümayəndəsi ilə görüş keçirildi. Daha sonra isə qədim Avropa tarixindən istifadə edərək ermənilər üçün saxta tarix yaradıldı. Beləliklə, uydurma “Böyük Ermənistan” tarixi və olmayan hökmdarları üzə çıxdı. Həmin dövrdən etibarən ermənilərin Osmanlı və Səfəvilərin daxilində üsyanları da başladı. Ona görə də bu ideya ilə zəhərlənən tərəflərin o ideyadan qurtarması üçün bəlkə də əlavə bir 300 il lazımdır”.

Partiya sədri qeyd edib ki, hazırkı vəziyyətdə də Ermənistanın Baş naziri Nikol Paşinyan xalqının bu ideyadan xilas olması üçün xeyli cəhd edir:
“Lakin cəmiyyət bütövlükdə xəstədir. Paşinyan erməni cəmiyyətini xilas etməyə çalışır. Hesab edirəm ki, o cəmiyyəti sağaltmaq çox çətin bir məsələdir. Paşinyanın özü də onlara yeni bir xətt təqdim etməyə çalışır. Ancaq müəyyən bir dövrdən sonra Paşinyan da dönə bilər. Yəni o, xəstə erməni təxəyyülünə qarşı nə qədər müqavimət göstərəcək? Həmçinin, ondan sonra Ermənistanda başqaları hakimiyyətə gələ və yenidən revanşist siyasət yürüdə bilər. Çünkü əhali o ideyaları qəbul edir.

Halbuki Robert Köçəryan, Serj Sarkisyan və Samvel Karapetyan çox gözəl bilir ki, “Böyük Ermənistan” xülyadır. Buna baxmayaraq, insanların içərisində o ideya olduğuna görə onun üzərində oynamağa çalışırlar. Paşinyan isə bunun əleyhinə olacaq bütün mümkün addımları atır. Ən önəmlisi kilsənin mövqeyini zəiflətməyə çalışmasıdır. Nəzərə almaq lazımdır ki, həm də o zərərli ideya kilsə tərəfindən gündəmdə saxlanılır”.

Siyasətçi söyləyib ki, ideoloji baxımdan xəstə olan erməni cəmiyyəti indi revanşistlər adlanır:
“Əslində revanşist adlandırdıqlarımız məhz həmin erməni xəstəliyinə tutulmuş bir cəmiyyətin üzvləridir. Yanlış erməni ideologiyasının təsiri hələ də davam edir. Köçəryan, Sarkisyan kimi revanşistlər də bilir ki, hətta hakimiyyətə qayıtsalar belə Azərbaycana qarşı müharibə apara bilməzlər. 

Sadəcə olaraq mövcud şəraitdə ictimai rəyin tələblərinə görə müəyyən bəyanatlar verirlər. Ona görə də biz öz işimizi bilməliyik. Ermənilərə heç vaxt etibar etmək, arxayınlaşmaq olmaz. Ermənilərin istənilən cəhdinin qarşısını almaq üçün Azərbaycan həmişə hazır olmalıdır”.

Elmir

0