Çin dünyanın ən hündür bəndini 27 nəhəng güzgü ilə qızdırır

DÜNYA
16:38 / 22.09.2026
49

Çində dünyanın ən hündür bəndlərindən birinin inşası zamanı maraqlı texnologiyadan istifadə olunur. Mühəndislər tikinti prosesini sürətləndirmək üçün 27 nəhəng günəş güzgüsü quraşdırıblar.

HİT.az xəbər verir ki, Siçuan əyalətində, Dadu çayının yuxarı hissəsində inşa edilən Şuangzyankou Su Elektrik Stansiyasının üçüncü enerji bloku istifadəyə verilib. 500 meqavat gücündə blokun işə düşməsi ilə stansiyanın ümumi istehsal gücü 1,5 giqavata çatıb.

Bəndin hündürlüyünün tikinti başa çatdıqdan sonra 315 metrə çatacağı gözlənilir. Hazırda dünyanın tamamlanmış ən hündür bəndi 305 metr yüksəklikdəki Cinpin-I hesab olunur. Şuangzyankou bəndinin əsas hissəsinin 2027-ci ildə tamamlanması planlaşdırılır.

Stansiyanın ümumi quraşdırılmış gücü 2 giqavat, su anbarının tutumu isə 2,9 milyard kubmetr olacaq. Dörd enerji blokunun hamısının istifadəyə verilməsindən sonra illik elektrik istehsalının təxminən 7,7 milyard kilovat-saat təşkil edəcəyi proqnozlaşdırılır.

Şuangzyankou bəndi dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən dar dağ vadisində inşa edilir. Qış aylarında temperatur mənfi 20 dərəcəyə qədər düşür. Bu isə bəndin əsas hissəsində istifadə olunan materialın donmasına və lazımi sıxlığa çatdırılmasına mane olur.

Problemi aradan qaldırmaq üçün mühəndislər 27 heliostat, yəni günəş işığını müəyyən nöqtəyə yönəldən böyük güzgü sistemi quraşdırıblar. Güzgülər Günəşin hərəkətini izləyərək işığı bəndin gil nüvəsinə yönəldir. Bunun nəticəsində həmin hissənin temperaturu təxminən 3 dərəcə yüksəlir və əlverişli günlərdə iş müddətinə əlavə üç saat qazandırılır.

Bəndin tikintisində ümumilikdə 46 milyon kubmetrdən çox materialdan istifadə olunması nəzərdə tutulur.

Çin enerji sektorunda hidroelektrik layihələrə böyük sərmayələr yatırmağa davam edir. Ölkə həmçinin Tibet ərazisində Yarlunq Tsanqpo çayı üzərində dünyanın ən iri hidroelektrik layihələrindən birinin tikintisinə başlayıb.

Samir

0