Qarabağ danışıqlarının imitasiyası müharibəyə aparır - TƏHLİL

SİYASƏT
09:08 / 03.06.2020
2152

Azərbaycanla Ermənistan arasında əldə olunan atəşkəs artıq 27-ci ilinə keçib. Azərbaycan sözsüz ki, özünün qanuni ərazilərinin erməni işğalında qalması ilə heç vaxt barışmayacaq. Torpaqlar sülh yolu ilə olmasa da, savaş yolu ilə qaytarılacaq. Bakı öz hərbi potensialını, o cümlədən təcavüzkar ölkədən hərbi üstünlüyünü ilk növbədə elə bu məqsədlə ilbəil artırır. Eyni zamanda danışıqlar masası arxasında güc amilinin əhəmiyyətini dərk edərək hərbi faktora xüsusi diqqət ayırır.

Təəssüflər olsun ki, Qarabağa dair dinc nizamlama prosesi ilin altıncı ayı başlasa da, atəşkəsin 27-ci ilində - 2020-ci ildə də gözlənilən dönüşə gətirməyib. Səbəb məlum - işğalçı Ermənistanın konstruktiv müzakirələri yaxına buraxmayan, Azərbaycana hərbi variantdan başqa yol qoymayan destruktiv və təxribatçı mövqeyi. Bunu əcnəbi analitiklər də görür və xəbərdarlıq edirlər.
“Danışıqlar prosesi hələ ki davam edir. Lakin Dağlıq Qarabağ ətrafındakı vəziyyət getdikcə yeni, böyük və kiçik toqquşmalara doğru gedəcək, çünki Azərbaycan hesab edir ki, danışıqlar yolu ilə heç nəyə nail olunmayacaq. Bu da çox pisdir. Ona görə ki, müharibə ilə də heç kim heç nəyə nail olmayacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə tanınmış rusiyalı analitik Qriqori Trofimçuk 1 in.am erməni portalına müsahibəsində söyləyib.

Onun sözlərinə görə, bütün tərəflər sülh və sabitliyə aparan danışıqları davam etdirməyə ümid edir. “Bu isə yalnız prosesin formal kollektiv müzakirələrə doğru deyil, konkret qərarlara doğru gedəcəyi halda mümkün ola bilər. Formalizm birbaşa müharibəyə aparır. Artıq Ermənistanı narahat olmalıdır ki, Azərbaycanda əhalinin demək olar, bütün təbəqələri döyüşməyə hazırdır, nəinki təkcə ordu. Bu, vətəndaş cəmiyyətdə nadir görünən yekdillik nümunəsidir”, - deyə o qeyd edib.

Ekspertin fikrincə, “Kreml həqiqətən də danışıqlar prosesini dəstəkləməyə və fəallaşdırmağa çalışır”, çünki Moskva xüsusən də 2016-cı ilin aprelindən sonra, Vyana və Sankt-Peterburqdakı zirvə görüşlərini nəzərə alaraq, öz üzərinə məhz bu öhdəlikləri götürüb: “Başqa sözlə, bununla bağlı heç bir şikayət ola bilməz, çünki aprel döyüşünün tez bir zamanda dayandırılması həm də Rusiyanın və onun rəhbərliyinin əməyidir. Bu prosesin ”dərinliklərində", yeni, ələlxüsus da məkrli bir şey baş vermir. Danışıqların Moskva tərəfindən aparılması dünyada gedən mürəkkəb proseslər fonunda bu gün böyük bir nailiyyətdir".
Trofimçuk sülh prosesinə töhfə vermək istəməyən İrəvana bir daha xəbərdarlıq edib. Onun qənaətincə, erməni tərəfi narahat olmalıdır ki, Azərbaycan heç vaxt sakitləşməyəcək və bunun zamanla zəifləyəcəyini gözləməməlidir. “Azərbaycan tərəfini xüsusilə əsəbilışdirən odur ki, 2016-cı ilin aprel müharibəsindən sonra danışıqlar heç bir şeyə gətirmədi. Münaqişənin kəskinliyi isə qalır və heç bir koronavirus Azərbaycanla Ermənistan arasındakı hərbi-siyasi ziddiyyətləri aradan qaldırmaq gücündə deyil”, - deyə rusiyalı analitik sonda əlavə edib.

***
Bu arada Ermənistanda 2016-cı ildə işğalçı qüvvələrin lokal məğlubiyyəti ilə bitən “4 günlük” aprel savaşı ilə bağlı siyasi çəkişmə və toqquşmalar pik həddə yaxınlaşmaq üzrədir. Sabah - iyunun 4-də “4 günlük” aprel savaşı ilə bağlı 2018-ci ildə yaradılmış parlament istintaq komissiyası öz işini tamamlayacağı və nəticələrin bir qisminin ictimaiyyətə açıqlanacağı gözlənilir.

“Xatırladaq ki, ötən əsrin 90-ci illərdə birinci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirilmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu, bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi”.
Bu sözləri parlamentin srağagünkü iclasında çıxış edən İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib. O bildirib ki, aprel döyüşlərindən sonra Ermənistanda əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər: “Serj Sərkisyan, Seyran Ohanyan (o zamankı müdafiə naziri - red.), bir neçə ordu generalı nəinki vəzifələrindən getdi, eləcə də istintaqa çağırılmalı oldular. Sərkisyan və Ohanyandan başqa XİN-in sabiq rəhbəri Edvard Nalbəndyan, sabiq baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də izahata cəlb olunublar. KTMT-yə 2017-də baş katib təyin olunub, bir il sonra vəzifəsindən çıxarılan Yuri Xaçaturov da izahata çağırılanlar sırasındadır. İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaq. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır - Lələtəpə nə üçün əldən verildi, kəşfiyyat qrupu Azərbaycan Ordusunun hərəkətləri barədə tam məlumatlı idimi, hərbi sursat və yanacaq yetərli olubmu, xəyanət və satqınlıq baş veribmi, o cümlədən gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı və sair”.

Komitə sədri daha sonra bildirib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı aprel müharibəsinə görə cəza tələb edir: “Bu, Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin ”4 günlük müharibəsi"nin nəticəsidir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvan bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi müasir reaktiv sistemlər, hədəfi vurma məsafəsi 120 km olan “Qaplan”, “Qasırğa” və sair raket qurğularının təhlükəsi haqda silsilə yazılar gedir. Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevin Naxçıvana müasir silahları yerləşdirməsi ilə Azərbaycan prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var? Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən aprel müharibəsi istintaqının hər bir sətrini, hər bir hərəkətini izləməlidir. Bəli, gələcək müharibə üçün, yeni aprel, may, iyun döyüşləri üçün..."

***

Şübhə yox ki, Azərbaycan düşmən ölkədə daxili ictimai-siyasi vəziyyətdən, orada hakimiyyət uğrunda gedən mübarizədən asılı olmayaraq, müharibə hazırlıqlarını davam etdirəcək, özünün döyüş qüdrətini və potensialını bir az da artıracaq. Əlbəttə ki, optimal şərtlər yetişən kimi işğalçıya növbəti, daha miqyaslı lokal hərbi əməliyyatla, aprel zərbəsindən də sarsıdıcı zərbələr endiriləcək. Buna kimsənin şübhəsi olmasın. Ta ki, rəsmi İrəvan Qarabağ danışıqlarında konstruktiv mövqe tutanadək.

Hələliksə düşmən tərəf ara-sıra təmas xətti boyu mövqelərimizi atəşə tutmaqla təxribatlarını davam etdirir. Belə ki, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Cavab atəşləri ilə düşmən susdurulub.

1
Musavat.com