“Avropa Parlamentinin Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli qətnamələri mənəviyyatsızlıq nümunəsidir”.
Bu sözləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə ikili standartların, riyakar təfəkkürün rəzil məhsuludur:
“Azərbaycan torpaqları erməni vandalları tərəfindən işğal olunanda, yüz minlərlə soydaşımız öz doğma yurdundan didərgin salınanda, şəhərlərimiz yerlə-yeksan edilib viran qoyulanda, məscidlərimizdə donuz saxlanılıb müqəddəs dəyərlərimiz təhqir ediləndə, Xocalıda soyqırımı törədiləndə, erməni quldurları qoca, cavan, uşaq, qadın demədən amansızlıqla insanları qətlə yetirəndə Avropa Parlamentinin “humanizmi” harada gizlənmişdi? O zaman niyə səslərini çıxarmırdılar?”.
Deputat vurğulayıb ki, Azərbaycan möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir Yumruğu” ilə tarixi ədaləti bərpa, suverenliyini tam təmin etdi:
“Özlərini “demokratiya carçıları” adlandıran Avropa Parlamenti Azərbaycanın müstəqil siyasətini, regionun liderinə çevrilməsini və qazandığı möhtəşəm Zəfəri həzm edə bilmir. Azərbaycan heç kəsin diktəsi ilə hərəkət edən dövlət deyil. Möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətli və praqmatik siyasəti nəticəsində ölkəmiz hərbi, diplomatik, iqtisadi müstəvidə keçilməz qalaya çevrilib. Avropa Parlamentinin cılız qətnamələri lazımsız kağız parçasından başqa bir şey deyil”.
Millət vəkili qeyd edib ki, xüsusilə sülh gündəliyi və nəhəng enerji layihələri ərəfəsində ortaya atdıqları sözügedən anti-Azərbaycan kampaniyası Avropa Parlamentinin əsl simasını, inkişafa, tərəqqiyə və ədalətə qarşı olan nifrətlərini göstərir:
“Azərbaycanın yolu haqq yoludur. Azərbaycan xalqı və dövləti bir yumruq kimi birləşib. Heç bir kənar qüvvə, heç bir qərəzli beynəlxalq qurum bizim daxili işimizə qarışa bilməz. Avropa Parlamenti anlamalıdır ki, milli maraqlarımız bizim üçün hər şeydən ucadır və bu yolda qarşımızda duran hər bir maneəni darmadağın etməyə qadirik”.
Elmir Mustafa



