Avropa Parlamenti hələ də ağıllanmayıb

SİYASƏT
14:00 / 01.05.2026
147

“Bir vaxtlar “qoca qitə” adlandırılaraq beynəlxalq aləmdə özünün ictimai-siyasi və sosial inkişafı ilə nümunə göstərilən Avropa İttifaqının Parlamenti XXI əsrdə bu imicini itirərək “xərifləyən qoca” statusuna yuvarlanıb”.

Bu sözləri Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bu təşkilatın müzakirəyə çıxardığı mövzular, qəbul etdiyi qərar və qətnamələr mahiyyəti etibarı ilə “suyu bulandıran” sənədlər çərçivəsindən kənara çıxa bilmir:


“Aprelin 30-da bu üzdəniraq qurum Ermənistanın demokratik inkişafı ilə bağlı qətnamə qəbul edib. Bu gün Ermənistanda bəşər övladına və Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına qarşı çıxan xeyli sayda kriminallaşmış qüvvələr fəaliyyət göstərir. Bu ölkədə son 30 ildə baş verən hakimiyyət dəyişikliklərinin hansı qəddar üsullarla aparıldığı fakt olaraq hamıya məlumdur. 


Gözləmək olardı ki, sənəddə bu qüvvələrə qarşı hansısa bir fikir irəli sürüləcək, avropalı deputatların demokratik və sülhpərvər düşüncə tərzi ortaya qoyulacaq. Ancaq əvəzində nə görürük?! Ermənistanın problemləri qalıb kənarda, qətnamədə ölkəmizə qarşı dəhşətli cinayətlər törətmiş və bu gün Azərbaycan məhkəməsinin hökmü ilə cəza çəkən insan qatillərinin müdafiəsi önə çıxarılıb”.

Ekspert qeyd edib ki, Avropa Parlamentinin qətnaməsi tamamilə qərəzlidir:
“Sənəddə Azərbaycanda insanlığa qarşı cinayət işləmiş erməni məhbusların saxlanılması pislənilib və onların dərhal azad edilməsi tələb edilib. Amma tutarlı bir səbəb göstərilməyib. Yəni, cinayətkarlar nə üçün azad edilməlidir? Ona görə ki, müsəlman Azərbaycan vətəndaşlarını öldürüblər? Hazırkı mürəkkəb beynəlxalq durumda nə edəcəyini bilməyən Avropa Parlamentinin açıq-aşkar islamofobiya və türkofobiya xəstəliyindən başını itirdiyi onun fəaliyyətində aydın görünür”.

Həmsöhbətimiz fikirlərini belə davam etdirib:
“Avropalılar unutmamalıdırlar ki, vaxtilə qəbul etdikləri “İnsan haqları bəyannaməsi”nin əsas tezisləri İslam dininin müqəddəs kitabından əxz olunub. Bu gün də Azərbaycan dövləti öz fəaliyyətində bu tezisləri əsas götürür, insana insan münasibəti sərgiləyir, cinayətkarlara isə layiq olduqları cəzaları verir. Müdriklər deyir ki, axmaq o şəxs deyil ki, səhv edir, axmaq odur ki, etdiyi səhvi təkrarlayır”.

Novruz Novruzov diqqətə çatdırıb ki, Avroparlament dəfələrlə Azərbaycana qarşı qərəzli mövqeyinə görə ölkəmiz tərəfindən qınanılıb, hətta bu təşkilatla əlaqələr kəsilib:
“Sonradan elə təşkilatın təşəbbüsü ilə münasibətlər yenidən qurulub. Ancaq bir müddət sonra təsisatın deputatları “köhnə havaları” çalmağa başlayıblar. Görünür ki, hələ ağıllanmayıblar. Onu da vurğulayaq ki, Azərbaycan Milli Məclisinin Avroparlamentlə əlaqələri kəsmək və bu təşkilatın üzvlüyündən çıxmaq qərarı tamamilə haqlıdır. Çünki haqqa və ədalətə söykənir”.

Elmir Mustafa

0