Xankəndi şəhəri gənclər mərkəzinə çevrilir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Xankəndində Qarabağ Universitetində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Xankəndi yeni həyat qazanaraq Cənubi Qafqazın ən dinc şəhərlərindən birinə və gənclər mərkəzinə çevrilir.
"Ümumilikdə, Qarabağ innovasiyalar, inkişaf, tikinti və bərpa ərazisidir. Son beş ildə Azərbaycan diqqətini bu proseslərə yönəldib və münaqişədən sonrakı bərpanın nadir nümunələrindən birini təşkil edir, burada ölkə öz resursları, maliyyə imkanları və institusional mexanizmləri hesabına ərazilərin bərpasını, demək olar ki, sıfırdan həyata keçirir", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Hikmət Hacıyev bildirib ki, Qafqaz regionunda qanunlara, legitimliyə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan yeni status-kvo formalaşır.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Qarabağ müharibəsi faciələrinin xatirəsini qoruyub saxlayır, lakin Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına daim sadiq qalır.
"30 il ərzində Qarabağ müharibə, münaqişə və qan tökülməsi ilə assosiasiya olunurdu. Lakin, Xocalı soyqırımı da daxil olmaqla, keçmişin faciələrinin xatirəsini qoruyaraq biz gələcəyə – Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın dinc gələcəyinə baxırıq", deyə o bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan öz xarici siyasətində bütün qonşuları ilə mehriban qonşuluq və dinc münasibətlərə həmişə üstünlük verib.
"Ancaq biz Ermənistanla münaqişə vəziyyətində olduğumuz üçün bu prioriteti tam olaraq reallaşdırmaq mümkün olmurdu. Lakin bu gün deyə bilərəm ki, Azərbaycanın Ermənistan da daxil olmaqla bütün qonşuları ilə dostluq və mehriban qonşuluq münasibətləri qurulub", deyə o vurğulayıb.
H.Hacıyev qeyd edib ki, sülh - diplomatik səylər tələb edən mürəkkəb və uzun bir yoldur: "Azərbaycan hökuməti belə bir diplomatik cəsarət nümayiş etdirdi və Ermənistana sülh əlini uzatdı"//Report.az

