Avropadan İrəvana qarşı birgə sənəd, Bakıya dəstək

09:45 / 12.06.2020
1663

Avropa Birliyinin əsas strukturu olan Avropa Parlamenti (AP) Ermənistanın işğalçı siyasətinə qarşı dünən daha bir qərar qəbul edib. Belə ki, qurumun Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar.

Xüsusi diqqət çəkən məqam odur ki, bəyanatda Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub.

“Keçən il yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının tezliklə başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistandakı Kapan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək. Prinsip etibarı ilə biz ”Şərq Qonşuluğu"ndakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı, Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan alınıb və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolizə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq üçün mühit yaratmağa kömək etmir" - sənəddə deyilir (APA).

Bəyanatda həmçinin Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlədikləri “Əsas prinsiplər”ə dəstək ifadə olunur. “Bu vasitəçiliyin uğur qazanması üçün biz Azərbaycan və Ermənistan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq”, - birgə bəyanatda vurğulanır.

***

Bu, ilk belə faktdır ki, Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri, həmçinin Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri müştərək bəyanat qəbul edirlər - həm də Ermənistana, onun işğalçılıq siyasətinə qarşı. Hərçənd Avropa Birliyi Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini zaman-zaman ortaya qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə birmənalı dəstək ifadə edib.

Avropa Parlamentinin növbəti qərəzi: Azərbaycana qarşı qəbul...

Son olay isə təcavüzkarın əleyhinə bir ilk olmaqla yanaşı, rəsmi Bakının İrəvana qarşı növbəti diplomatik uğuru sayıla bilər. Bundan az öncə Avropa Parlamenti 2020-ci ilin mart-aprelində, pandemiya fonunda (!) işğal altındakı Dağlıq Qarabağda “prezident seçkisi” tamaşasına sərt reaksiya vermiş, seçki adına məzhəkə olan bu olayı sülh prosesinə zərbə kimi qiymətləndirmişdi.    

“Yeni Müsavat” bu yerdə onu da xatırladır ki, ötən ayın sonunda Avropa Parlamentinin Xarici İşlər komitəsində “Şərq Tərəfdaşlığı” ölkələri - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanın ərazi bütövlüyünə birmənalı dəstəyin əks olunduğu qanun layihəsini qəbul edib. İyunun 17-18-də AP-ın plenar iclasında təsdiqlənməsi gözlənilən həmin qanun layihəsi, üstəlik, AP-ın Avropa Şurasına, Avropa Komissiyasına və Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” ölkələri üzrə xüsusi nümayəndəsinə ciddi tövsiyə xarakteri daşıyır.

***

Təsadüfi deyil ki, komitənin qərarı düşmən Ermənistanda ciddi təlaş doğurmuşdu. Çünki qanun layihəsi Qarabağ separatçılarına öz müqəddəratı təyin etmə “haqqı”nı birdəfəlik gündəmdən çıxarmaqla yanaşı, rəsmi Bakıya öz ərazi bütövlüyünü bərpa eləmək üçün savaş haqqı tanıyır.

“Beynəlxalq qurumlarda Ermənistan və Dağlıq Qarabağ separatçıları üçün çox təhlükəli bir bəndin yer aldığı, Ermənistan hakimiyyətinin iflasına dəlalət edən qanun layihəsi hazırlanıb. Məsələ ondadır ki, Avropa Birliyinin Ermənistana marağı sıfra enib, əgər artıq mənfi işarəli deyilsə. ”Şərq Tərəfdaşlığı" ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqillikləri ilə bağlı AB öhdəlikləri bir daha təsdiqlənir və bu prinsiplərin tam şəkildə tətbiq edilməsi səyləri dəstəklənir".

Avropa təsisatlarının Dağlıq Qarabağla bağlı ikili standartları...

Bunu Ermənistanın xüsusi xidmət orqanlarının keçmiş rəhbəri, Ermənistan prezidentinin Qarabağ danışıqlarında sabiq xüsusi nümayəndəsi, politoloq David Şahnazaryan həmin sənədi şərh edərkən demişdi. Şahnazaryanın əminliyinə görə, Avropa Parlamenti böyük ehtimalla, 17-18 iyun tarixində qəbul edəcəyi layihə ilə Azərbaycanı yeni müharibəyə təhrik edəcək və AB müharibədə Azərbaycanı dəstəkləyəcək.

Onun əminliyinə görə, İrəvan ard-arda uğursuzluqlara uğrayır, ona görə ki, Ermənistanın, AB ilə münasibətlər də daxil, təşəbbüskar, aktiv, balanslı xarici siyasəti yoxdur, baş nazir Paşinyan izə öz siyasəti ilə daim Azərbaycana beynəlxalq ictimaiyyət qarşısında öz hərbi hərəkətlərini əsaslandırmaq üçün yeni arqumentlər verir.

“Və sonuncusu: AB Ermənistanla bağladığı analoji sazişi Azərbaycanla da imzalamaq niyyətindədir. Ancaq bu sazişdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 3 prinsipin qeyd ediləcəyini yaddan çıxarın. Mən əsla təəccüblənməyəcəm, əgər orada yalnız ərazi bütövlüyü prinsipi əks olunacaqsa. Çünki haqqında danışılan layihədə bu prinsip bir neçə yerdə vurğulanır”, - deyə o əlavə eləmişdi...

*****

Doğrudan da, Azərbaycanla AB arasında imzalanması gözlənilən tərəfdaşlıq sazişi layihəsində ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstəyin ifadə olunması gözlənilir. Avropa Parlamenti tərəfindən Ermənistana qarşı qəbul edilən son qərar-sənədlər buna heç bir şəkk-şübhə saxlamır.

Əlavə edək ki, az öncə Avropa Komissiyası işğalçı ölkənin bütün aviaşirkətlərini “qara siyahı”ya salmışdı. Səbəb kimi isə Ermənistana məxsus mülki təyyarələrin Avropa standartlarına cavab verməməsi göstərilirdi. Bu da o deməkdir ki, Ermənistana məxsus sərnişin təyyarələri daha Avropaya uça bilməz. Ermənistan həmçinin İraq, Venesuela, Əfqanıstan, Anqola, Konqo, Cibuti, Ekvatorial Qvineya, Eritreya, Liberiya, Liviya kimi iqtisadi cəhətcə geridə qalan ölkələrlə eyni siyahıya salınmışdı.

0
Musavat.com