Novruzun ilk xəbərçisi - Su Çərşənbəsi

15:50 / 20.02.2024
788

Novruz xalqımızın milli-mənəvi dəyərlərinin ən qədim və zəngin tarixə malik bayramlarından biridir. Novruz adətləri bu gün də ilkin mühafizəkarlığını qoruyub saxlamışdır. Novruz çərşənbələrinin hərəsinin özünəməxsus mərasimləri var.

Hit.az xəbər verir ki, bu mərasimlərin keçirilməsi Novruzun əsas ünsürü olan Su çərşənbəsi ilə başlayır. 

Su həyat mənbəyi, aydınlıq rəmzi sayılır. Bu çərşənbədə su üstündə müxtəlif mərasimlər keçirilir.

Türk mifologiyasında suyun müqəddəsliyi ilə bağlı bir çox mətnlər mövcuddur. İnanırlar ki, qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması mümkündür.

Qeyd edək ki, su çərşənbəsi ərəfəsində, adətən, hər kəs öz ev-eşiyini sahmana salır, divarlar rənglənir, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir, qurumuş və artıq zoğlar kəsilir. 

Su çərşənbəsi də suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və başqa ayinlər həmin gün icra olunur. 

İnanca görə, Novruzun ilk çərşənbəsində su təzələnir. Həmin gün sübh tezdən bulaqdan götürülən su şəfalı hesab edilir. İnanırlar ki, Su çərşənbəsi günü “təzə su” üstündən keçənlər, azarını, bezarını ona verənlər ilboyu xəstəliklərdən uzaq olarlar. 

Bu inamla həmin gün Günəş doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanırlar. 

Sevinc

0