Avropanın müdafiə şirkətləri atmosferdən kənarda orta və aralıq mənzilli ballistik raketləri məhv edə biləcək yeni ələ keçirici sistem hazırlamaq üçün konsorsium yaratmaq barədə razılığa gəliblər.
HİT.az xəbər verir ki, bu barədə "Thales" şirkətinin rəsmi saytında məlumat verilib.
İyulun 14-də Parisdə "Thales", "Airbus", "MBDA Deutschland", "Safran" və aerokosmik startap "Destinus" şirkətləri "Bliksem EXO" konsorsiumunun yaradılması ilə bağlı niyyət məktubu imzalayıblar.
Əməkdaşlığın əsas məqsədi Avropanın öz raket əleyhinə müdafiə sistemini yaratmaqdır. Yeni sistemin "Oreşnik" sinfinə aid, ayrılan və manevr edən döyüş başlıqları ilə təchiz olunmuş orta mənzilli ballistik raketlərə qarşı istifadə olunması nəzərdə tutulur.
Şirkətlər qarşıdakı üç ay ərzində konsorsiumun yaradılması ilə bağlı hüquqi baxımdan məcburi razılaşma imzalamağı planlaşdırırlar.
Birgə mühəndislik işlərinin avqust ayında başlaması, gələcək atmosferdənkənar raket-ələ keçiricinin döyüş başlığının sınaqlarının isə 2027-ci ildə keçirilməsi nəzərdə tutulur. Bununla belə, hazırkı razılaşma tərəfləri hələlik sistemin maliyyələşdirilməsi və ya gələcəkdə alınması ilə bağlı öhdəlik yaratmır.
Konsorsiumun əsas şirkəti "Destinus" olacaq. Şirkət sistemin inteqrasiyasına və atmosferdənkənar məhv etmə vasitəsinin (Exo-atmospheric Kill Vehicle, EKV) döyüş hissəsinin hazırlanmasına cavabdeh olacaq.
"MBDA Deutschland" raket-ələ keçirici, buraxılış qurğusu və konteyner sistemlərini hazırlayacaq. "Safran Electronics & Defense" isə EKV üçün tuşlama başlığı, istiqamətləndirmə, naviqasiya və idarəetmə sistemlərini təmin edəcək.
"Airbus Defence and Space" komanda və idarəetmə sistemlərinə, "Thales" isə erkən xəbərdarlıq və idarəetmə üçün radarlar və sensorlar daxil olmaqla aşkarlama sistemlərinə cavabdeh olacaq.
Şirkətlərin məlumatına görə, sistemin layihələndirilməsi, sınaqları və qiymətləndirilməsi zamanı Ukraynanın Rusiyanın kütləvi raket hücumlarına qarşı mübarizədə əldə etdiyi operativ təcrübədən istifadə olunacaq.
Samir


