“Evli insanlar özünü təzyiq altında hiss edir” - Nikahların azalma səbəbi

SOSİAL
15:33 / 19.11.2024
93

2024-cü ilin yanvar-sentyabr ayları ərzində 36 651 nikah və 15 964 boşanma halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,1-dən 4,8-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. 

Maraqlıdır, nikah sayları niyə düşüb? İnsanlar niyə evlənməkdən qorxur?

Bu barədə Hit.az-a açıqlama verən evlilik üzrə psixoloq Vüsalə Qaracayeva deyib ki, evliliklərin azalmasının bir çox səbəbi var və bu səbəblər sosial, iqtisadi, mədəni və fərdi faktorlardan ibarətdir:

“Bu tendensiya, xüsusən inkişaf etmiş ölkələrdə və cəmiyyətlərdə daha nəzərə çarpır. İnsanlar, həyatlarındaki ən önəmli qərarları, daha çox şəxsi məmnuniyyət və xoşbəxtlik axtararaq, verməyə çalışırlar. Evlilik, bəzi insanlar üçün bu azadlıqları məhdudlaşdıran bir institut kimi görülə bilər. Mədəniyyətlər dəyişdikcə, cəmiyyətin evliliyə olan baxışı da dəyişir. 

Eyni zamanda, evliliklərin təkrarlanan uğursuzluqları və ya çətinlikləri, evliliyi qeyri-müəyyən və riskli bir qərar kimi göstərir. İnsanlar, xüsusən də əvvəlki münasibətlərində xəyanət və ya boşanma təcrübəsi yaşayanlar, evliliyi qaçınılmaz bir şəkildə çətinliklərlə üzləşən bir qurum kimi qəbul edə bilərlər. Evlilik, həm də maddi məsuliyyətlər gətirir. Gəlir səviyyəsinin aşağı olması, işsizlik və iqtisadi böhranlar, insanların evlilik qərarını təxirə salmalarına və ya bu qərardan çəkinmələrinə səbəb olur. Əvvəllər evlilik, cəmiyyətdə qəbul olunmuş və gözlənilən bir normaya çevrilmişdi. Bu gün isə, insanlar daha az sosial təzyiq altında hiss edirlər. Cəmiyyətin tələblərinə və gözləntilərinə qarşı daha az həssas olan insanlar, öz həyat seçimlərini daha sərbəst şəkildə edə bilirlər”.

Murad

0