Bəzi xanımlar oğullarının tez evlənməsini istəmirlər.
Hətta bir çox ana oğlunun gec evlənməyində maraqlı olur. Buna səbəb isə sözügedən xanımların özlərini qayınana olmağa hazır hiss etməmələridir. Həmin analar hələ qayınana olmağa hazır olmadıqlarını əsas gətirərək oğullarının daha gec evlənməsini istəyirlər.
Maraqlıdır, qayınana olmaq üçün ideal bir yaş varmı?
Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova Hit.az-a açıqlama verib. O bildirib ki, qayınana olmaq üçün konkret bir ideal yaş yoxdur:
"Bu məsələ daha çox yaşdan deyil, qadının psixoloji yetkinliyindən, ailə dəyərlərinə münasibətindən və həyatdakı dəyişikliklərə nə dərəcədə hazır olmasından asılıdır. Bəzi xanımlar özlərini emosional olaraq övladlarını "paylaşmağa" hazır hiss etmədikləri üçün oğullarının evlənməsini istəmir və bu prosesi mümkün qədər gecikdirməyə çalışırlar.
Bu vəziyyət psixologiyada "rol keçidi" adlanır. Yəni ana övladının həyatındakı əsas şəxs mövqeyindən geri çəkilib, onun həyat yoldaşına yer verməlidir və bu keçid bəzən emosional çətinliklər yaradır".
Psixoloqun sözlərinə görə, qayınana olmaq əslində yeni bir münasibətlər sisteminə daxil olmaqdır:
"Burada yalnız yaş deyil, həm də bir qadının ailədaxili sərhədləri necə qura bilməsi, övladına qarşı münasibəti, gələcək gəlini ilə empati qurmaq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibət yaratmaq bacarığı çox önəmlidir.
Bəzən 40 yaşında bir qadın bu rola tam hazır olur, bəzən isə 60 yaşında bir başqası hələ də bu keçidi etməkdə çətinlik çəkə bilər. Ona görə də, qayınana olmaq üçün "ideal yaş"dan daha çox, "ideal psixoloji hazırlıq səviyyəsi" önəmlidir".
Pərviz