Rusiya Hindistana 100-dən çox “İl-114-300” regional sərnişin təyyarəsi tədarük etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, Rusiyanın Birləşmiş Təyyarəqayırma Korporasiyası (OAK) Hindistan aviaşirkətləri ilə ümumilikdə 85 təyyarənin tədarükünə dair razılaşmalar əldə edib. Moskva gələcəkdə bu rəqəmin 100-ü keçəcəyini bildirir.
Rusiya Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, OAK Hindistanda keçirilən “İnnoprom. Hindistan” beynəlxalq sənaye sərgisi çərçivəsində yerli aviaşirkətlərlə “İl-114-300” turbovintli təyyarələrinin tədarükü ilə bağlı sənədlər imzalayıb.
Lakin burada mühüm məqam var. Rusiyanın “Rostex” şirkətinin açıqlamasından görünür ki, söhbət hələlik konkret və hüquqi baxımdan məcburi müqavilələrdən getmir. Tərəflər yalnız niyyət sazişləri və anlaşma memorandumu imzalayıblar.
Belə ki, Pinnacle Air aviaşirkəti ilə 50 təyyarənin tədarükü üzrə niyyət sazişi bağlanıb. Air Kerala ilə daha 20 təyyarəyə dair niyyət sazişinin imzalanması planlaşdırılır. Sleek Aviation şirkəti ilə imzalanan anlaşma memorandumu isə 35 təyyarənin tədarükünü və Hindistanda təlim mərkəzinin yaradılmasını nəzərdə tutur.
İlk real müqavilələrin 2026-cı ilin sonunadək imzalanması gözlənilir. Daha sonra tərəflərin Hindistanda təyyarələrin istehsalı və texniki xidmətinin lokallaşdırılması da daxil olmaqla sənaye tərəfdaşlığına keçmək niyyətində olduğu bildirilir.
Rusiya mümkün sövdələşmələrin ümumi dəyərini açıqlamayıb. Bununla belə, “İl-114-300” təyyarəsinin ilkin qiymətinin təxminən 30 milyon dollar olduğu nəzərə alınarsa, 100 təyyarəlik potensial sifarişin ümumi dəyəri təxminən 3 milyard dollara çata bilər.
“İl-114-300” Sovet dövründə hazırlanmış “İl-114” təyyarəsinin ciddi şəkildə modernləşdirilmiş versiyasıdır. İlk prototip 1990-cı ildə uçuş həyata keçirib. Təyyarənin əvvəlki versiyası kommersiya baxımından geniş uğur qazanmayıb və bütün istehsal dövründə təxminən 20 ədəd buraxıldığı bildirilir.
Yeni versiyada “İl-112V” hərbi-nəqliyyat təyyarəsində də istifadə olunan TV7-117ST-01 turbovintli mühərriklərindən istifadə edilir. Təyyarə həmçinin altı pərli, daha səssiz olduğu iddia edilən yeni vintlərlə təchiz olunub.
Samir


