Avropa İttifaqında turistlər üçün yaşayış yerlərinin sayı azaldıla bilər

DÜNYA
16:36 / 10.09.2026
49

Avropa İttifaqı “Airbnb” və turistlər üçün qısamüddətli yaşayış yerlərinin kirayəsi ilə məşğul olan digər şirkətlərə tətbiq edilən məhdudiyyətləri sərtləşdirə bilər.

HİT.az xəbər verir ki, “Sky News”un məlumatına görə, Avropa Komissiyası yaşayış sektorundakı vəziyyətin qiymətləndirilməsi üçün ümumavropa sistemi yaradılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Beləliklə, Avropa hakimiyyəti uzun müddətdir aktuallığını qoruyan əlçatan mənzil çatışmazlığı problemini mərkəzləşdirilmiş şəkildə həll etməyə ümid edir. Bu problem artıq Avropanın müxtəlif yerlərində etirazlara səbəb olub.

Mürəkkəb vəziyyəti həll etməyə çalışan bəzi şəhərlərin, o cümlədən Paris, Barselona və Venesiyanın hakimiyyət orqanları daha əvvəl “Airbnb”nin fəaliyyətini məhdudlaşdıran tədbirləri müstəqil şəkildə tətbiq edib. Bu isə bir sıra məhkəmə çəkişmələrinə səbəb olub.

İndi isə məhdudiyyətlərin Aİ səviyyəsində vahid yanaşma əsasında tətbiq edilməsi təklif olunur. Bu yanaşma konkret ərazidə mənzil bazarında gərginliyin olub-olmadığını müəyyənləşdirəcək. Bunun üçün hakimiyyət orqanları daşınmaz əmlak qiymətləri ilə əhalinin gəlirləri arasındakı nisbəti təhlil edəcək, həmçinin son onillikdə tələbin artım dinamikasını izləyəcək.

Sənəddə həmçinin uzunmüddətli yaşayış üçün mənzillərin mövcudluğuna və əlçatanlığına mənfi təsir göstərmə ehtimalı daha yüksək olan qısamüddətli kirayə növlərinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Avropa Komissiyası bildirib ki, qısamüddətli kirayə ilə bağlı hər hansı əlavə məhdudiyyət əsaslandırılmalı, yalnız problemli ərazilərə şamil edilməli və geriyə qüvvəsi olmamalıdır.

Bu xəbərlər fonunda “Airbnb”nin səhmləri sentyabrın 10-da səhər ticarəti zamanı təxminən 3 faiz ucuzlaşıb.

Şirkətin özündə isə əsas problemin mənzil çatışmazlığı olduğu bildirilib.

“Bu o deməkdir ki, tənzimləmə həqiqətən çatışmazlığın mövcud olduğu sahələrə — tikintiyə, yenidənqurmaya və hazırda Avropanın hər yerində boş qalan mənzillərdən istifadəyə yönəldilməlidir”, – “Airbnb”nin Aİ-də dövlət qurumları ilə əlaqələr üzrə rəhbəri Corc Mavros bildirib.

Qanun layihəsi Aİ ölkələri və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər. Bunun yaxın aylarda baş verməsi gözlənilir.

Sənəd qəbul edilərsə, gələcəkdə bu, turistlər üçün yaşayış yerləri təklifinin azalmasına və nəticə etibarilə qiymətlərin artmasına səbəb ola bilər.

Samir
 

0