Şimal Buzlu okeanında Şpitsbergen arxipelaqı yaxınlığında NATO müttəfiqləri ekipajları sualtı kabelləri sıradan çıxarmaq üçün nəzərdə tutulan gizli texnologiyanın tətbiqini məşq edən Rusiya sualtı qayıqlarını aşkar edib.
HİT.az xəbər verir ki, bu barədə “Reuters” iki Qərb rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, əməliyyatı Rusiya Müdafiə Nazirliyinin Baş Dərin Dəniz Tədqiqatları İdarəsi həyata keçirib. Rusiya hərbçiləri kritik əhəmiyyətli sualtı infrastruktura zərər vura biləcək texnologiyanın tətbiqini imitasiya etmək üçün dərin dəniz aparatlarından istifadə ediblər.
Bununla belə, təlimlər zamanı kabellərin özünə zərər dəyməyib. Qərb rəsmilərinin sözlərinə görə, Rusiya tərəfi məhz NATO ilə münaqişə baş verəcəyi təqdirdə bu texnologiyadan istifadə imkanını məşq edib. Texnologiyanın iş prinsipi ilə bağlı təfərrüatlar açıqlanmır.
Əməliyyatı Böyük Britaniya, Norveç və ABŞ izləyib. Onların qüvvələri Rusiya gəmilərini və sualtı aparatlarını aşkarlayaraq təlimlərin başa çatdırılmasına imkan verməyib. Nəticədə Rusiya gəmiləri ərazini tərk edib.
Britaniya və Norveç rəsmiləri həmçinin Moskvaya yeni texnologiyadan xəbərdar olduqları barədə məlumat veriblər. “Reuters”in mənbələrinin sözlərinə görə, müttəfiqlər bununla Rusiyaya regionda gizli əməliyyatların diqqətdən kənarda qalmadığını nümayiş etdirmək istəyiblər.
Norveçin müdafiə naziri Turə Sandvik bildirib ki, birgə əməliyyat Rusiyaya bu ərazidə gizli fəaliyyət göstərməyin mümkün olmadığını açıq şəkildə göstərməli idi.
“Biz Rusiya hakimiyyətinə açıq şəkildə bildirdik ki, kritik əhəmiyyətli infrastrukturumuza hər hansı hücum cəhdi aşkarlanacaq və bunun nəticələri olacaq”, – deyə o bildirib.
Dənizin dibindən minlərlə kilometr uzunluğunda telekommunikasiya və enerji kabelləri keçir. Onlar qlobal internet trafikinin, məlumat ötürülməsinin və maliyyə əməliyyatlarının əhəmiyyətli hissəsini təmin edir.
Şpitsbergen yaxınlığındakı infrastruktur xüsusi əhəmiyyət daşıyır. Uzunluğu təxminən 1400 kilometr olan iki fiber-optik kabel arxipelaqı Norveçin materik hissəsi ilə birləşdirir.
Qərb kəşfiyyat xidmətləri son illərdə Rusiyanın sualtı infrastruktura qarşı əməliyyatlarından getdikcə daha çox narahatlıq keçirir. 2023-cü ildən sonra Şimal və Baltik dənizlərində gəmilərin mühüm boru kəmərləri, elektrik və telekommunikasiya kabellərinin üzərindən və ya yaxınlığından yavaş sürətlə keçməsi hallarının sayı artıb. Bu, onların yerləşmə mövqelərinin xəritələndirilməsinə cəhdlərdən xəbər verə bilər.
Aprel ayında Böyük Britaniya və Norveç Arktika sularında gizli Rusiya əməliyyatının ifşa edildiyini də açıqlamışdı. Lakin həmin vaxt yeni silah, təlimlərin keçirildiyi konkret ərazi və ABŞ-ın əməliyyatda iştirakı barədə məlumat verilməmişdi.
Samir


