Bişkek məhkəməsi Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş rəhbəri Kamçıbek Taşiyev və daha yeddi siyasətçi barəsində dövlət çevrilişinə cəhd ittihamını ləğv edib. Bu barədə Qırğızıstan parlamentinin keçmiş spikerinin vəkili Latıpbek Nuralımov məlumat verib. O da bu iş üzrə təqsirləndirilən şəxslər sırasındadır.
HİT.az “TASS”-a istinadən xəbər verir ki, iş seçki hüququnun pozulması maddəsi ilə yenidən tövsif edilib.
İş üzrə Kamçıbek Taşiyevlə yanaşı, parlamentin keçmiş spikeri Nurlanbek Turğunbek uulu, daxili işlər naziri vəzifəsində çalışmış Kursan Asanov, keçmiş baş nazirin müavini Aal ı Karaşev və respublikanın daha dörd siyasi xadimi təqsirləndirilən şəxs qismində keçir.
İyulda onlar əmlakın müsadirə olunması və eyni müddətə probasiya tətbiq edilməklə dörd il müddətinə azadlıqdan məhrum edilmişdilər. Prokurorluq isə təqsirləndirilən şəxslərin hər birinə doqquz il həbs cəzası verilməsini tələb etmişdi.
İşin yenidən tövsif edilməsindən sonra hökm də dəyişdirilib. “Dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildi, lakin cinayət daha az ağır hesab olunduğu üçün probasiya (iki il) tətbiq edildi”, – deyə Nuralımov bildirib.
Bundan başqa, yeni maddə əmlakın müsadirəsini nəzərdə tutmur. Vəkilin sözlərinə görə, iş üzrə şəxslər seçki hüququnu pozmaqda ittiham olunublar, çünki onlar “seçkiləri vaxtından əvvəl keçirməyə cəhd ediblər”. Kamçıbek Taşiyev ittihamı qəbul etmir.
Fevral ayında Qırğızıstan Prezidenti Sadır Japarov Kamçıbek Taşiyevi MTDK rəhbəri vəzifəsindən azad edib. Bundan qısa müddət əvvəl Taşiyev erkən prezident seçkilərinin keçirilməsi ilə bağlı müraciətə imza atan 75 dövlət məmuru və ictimai xadimin sırasına daxil olmuşdu.
MTDK rəhbərinin istefasından qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin, Təbii Sərvətlər Nazirliyinin, Nəqliyyat Nazirliyinin və Səhiyyə Nazirliyinin rəhbərləri, həmçinin Nazirlər Kabineti sədrinin müavini də vəzifələrini itirib.
Samir


