Türkiyədə yetkinlik yaşına çatmayanların rəqəmsal mühitdə fəaliyyəti ilə bağlı yeni hüquqi çərçivə müəyyənləşdirilib.
Belə ki, 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsi qanunvericilik səviyyəsində məhdudlaşdırılıb və bu istiqamətdə hazırlanan sənəd Türkiyə Böyük Millət Məclisində təsdiqlənib. Qəbul olunan qaydalara görə, sosial media şirkətlərinə azyaşlı istifadəçilərə xidmət göstərmək qadağan edilir.
Onu da qeyd edək ki, Azərbaycanda da ölkə başçısı tərəfindən “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb. Nazirlər Kabinetinə tapşırılıb ki, aidiyyəti dövlət orqanlarını (qurumlarını), elmi müəssisə və təşkilatları, mütəxəssisləri və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə və beynəlxalq təcrübə nəzərə alınmaqla, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Maraqlıdır, Azərbaycanda da uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunacaq?
Media eksperti Azər Həsrət Hit.az-a açıqlamasında bildirib ki, sosial medianın qaydalarına əsasən 16 yaşdan aşağı şəxslərin istifadəsi məhdudlaşdırılır:

“Lakin bu qaydaya əməl edənlərin sayı azdır. Bir çox istifadəçi saxta ad və ya saxta doğum tarixi göstərərək platformalara daxil olur. Bu səbəbdən dövlətin bu sahədə qanunvericiliyi gücləndirməsi və valideynlərə məsuliyyət yüklənməsi vacib hesab olunur. Uşaqların sosial mediaya çıxışının mümkün qədər məhdudlaşdırılması məqsədəuyğundur. Türkiyədə bu istiqamətdə atılan addımlar müsbət qarşılanır və Azərbaycan da bu məsələdə gecikməməlidir”.
Ekspert vurğulayıb ki, nəzarət mexanizmləri daha sərt olmalıdır:
“Çünki uşaqların gələcəyi ciddi risk altındadır. Son dövrlərdə qeydə alınan xoşagəlməz hadisələr də bunu təsdiqləyir. Buna görə də həm sosial media, həm də ümumilikdə internet istifadəsi üzrə uşaqlara dair məhdudiyyətlərin tətbiqi zəruridir. Məqsəd odur ki, gənc nəsil yetkinlik yaşına çatana qədər zərərli vərdişlərdən uzaq qalsın. Bunun üçün mövcud qanunlara nəzarət daha da gücləndirilməlidir".
Günel Cəlilova


