Vahid sülh müqaviləsi olmayacaq: Ukraynadakı müharibə necə bitəcək?

DÜNYA
18:38 / 11.06.2026
44

Ukraynada davam edən müharibənin dayandırılması üçün tək bir hərtərəfli sülh sazişi kifayət etməyəcək. Bu münaqişənin başa çatması üçün Ukrayna, Rusiya, Avropa İttifaqı, NATO və ABŞ arasında bir-biri ilə əlaqəli bir sıra razılaşmalar paketinin hazırlanması tələb olunur. 

HİT.az xəbər verir ki, bu barədə keçmiş britaniyalı diplomat və “Responsible Statecraft” nəşrində dərc olunan məqaləsində Kvinci İnstitutunun eksperti İan Prayd yazıb.

Müəllifin sözlərinə görə, Qərbdə müharibənin mümkün bitməsi ilə bağlı müzakirələr tez-tez sadələşdirilmiş yanaşmaya əsaslanır və sanki Rusiya heç bir danışıqsız döyüşləri dayandıra bilərmiş kimi təqdim edilir. O, keçmiş ABŞ diplomatı Den Fridin fikrinə istinad edərək qeyd edir ki, Rusiya müharibəni bitirmək istəyirsə, sadəcə bunu edə bilər.

Prayd hesab edir ki, bu yanaşma siyasi reallıqları nəzərə almır və əslində münaqişənin uzanmasına səbəb olur. O, həmçinin Almaniya, Fransa və Böyük Britaniya liderlərinin Ukrayna ilə bağlı son bəyanatını tənqid edir. Həmin bəyanatda təxminən 300 milyard ABŞ dolları dəyərində Rusiya aktivlərinin müharibə bitənə və Ukraynaya kompensasiya ödənilənə qədər dondurulmuş saxlanılması nəzərdə tutulur. Müəllifin fikrincə, Moskva bu şərtləri qəbul etməyə hazır deyil.

Məqalədə qeyd olunur ki, son aylarda Avropada Rusiya ilə danışıqların mümkünlüyü daha tez-tez müzakirə olunur. Bu istiqamətdə Finlandiya prezidenti Aleksandr Stubb, Fransa prezidenti Emmanuel Makron və Belçika baş naziri Bart de Vever kimi liderlərin də açıqlamaları olub. Lakin Praydın fikrincə, Avropa liderləri daha çox danışıqların mümkünlüyünü müzakirə edir, onların məzmununu isə deyil.

“Ukrayna üçün davamlı sülh bir-biri ilə əlaqəli bir neçə razılaşma paketini tələb edəcək və bunların hər biri son dərəcə çətin olacaq”, – deyə müəllif vurğulayıb.

Onun fikrincə, ilk mərhələdə ABŞ və digər tərəfdaşların vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında ikitərəfli sülh sazişi imzalanmalıdır. Bu saziş ərazi məsələlərini, Donetsk bölgəsinin bəzi hissələrinin gələcəyini, Ukrayna ordusunun say tərkibini, uşaqların geri qaytarılmasını və azlıqların dil hüquqlarının qorunmasını əhatə etməlidir.

Daha bir istiqamət Ukraynanın Avropa İttifaqına inteqrasiya prosesi olmalıdır. Prayd Ukraynanın 2027-ci ilə qədər Aİ-yə tam üzv olmasını real saymır və bəzi Avropa siyasətçiləri arasında assosiativ üzvlük variantının müzakirə edildiyini bildirir.

Bundan əlavə, müəllif Rusiya ilə Avropa arasında münasibətlər və sanksiyaların mərhələli şəkildə yumşaldılması barədə ayrıca sazişin bağlanmasını da vacib hesab edir.

Digər mühüm element kimi isə NATO daxilində razılaşmalar göstərilir.

“Münaqişənin tənzimlənməsi yalnız Ukraynanın NATO üzvlüyü perspektivindən tamamilə imtina edildiyi halda mümkün ola bilər”, deyə Prayd bildirib.

Sonda diplomat Qərb ölkələrini çoxsaylı görüşlər əvəzinə Ukrayna, Rusiya, ABŞ və Avropa dövlətlərinin iştirak edəcəyi genişmiqyaslı danışıqlar prosesinə başlamağa çağırır.

“Ukrayna üçün vahid ‘sülh sazişi’ ideyası sadələşdirilmiş yanaşmadır”, deyə o yekunlaşdırıb.

Samir
 

0