İtaliyanın Baş naziri Corcia Meloni Avropa İttifaqının Rusiya ilə sülh danışıqları aparmaq üçün xüsusi nümayəndə təyin etməsini təklif edib.
HİT.az “Bloomberg”ə istinadən xəbər verir ki, Meloni Rusiya Prezidenti Vladimir Putinlə necə münasibət qurulmalı olduğu ilə bağlı Avropada gedən müzakirələrə qoşulub.
“Rusiya ilə bağlı mövqeyimizdəki sərtlik diplomatik korluğa və ya özümüzü prosesdən kənarlaşdırmağa çevrilməməlidir. Avropa Moskva ilə necə qarşılıqlı əlaqə quracağını birlikdə və praqmatik şəkildə müzakirə etməlidir”, deyə Meloni Roma parlamentində çıxışı zamanı bildirib.
O həmçinin yaxın günlərdə keçiriləcək G7 və Avropa İttifaqı sammitləri öncəsi İtaliyanın Ukraynaya dəstəyini təsdiqləyib. Onun sözlərinə görə, əsas məsələ Avropa maraqlarını danışıqlar masasında təmsil edə biləcək bir şəxsin olmasıdır.
“Bloomberg” yazır ki, Meloni bu mövqeyi Londonda keçirilən və Böyük Britaniya, Fransa və Almaniyanın (E3 formatı) liderlərinin qatıldığı görüşə dəvət olunmamasından sonra daha açıq şəkildə müdafiə etməyə başlayıb.
“Əsl problem hansı formatın kimdən ibarət olması deyil, Avropanı tam şəkildə təmsil edən legitim bir səsin olmamasıdır”, deyə o vurğulayıb.
Onun fikrincə, mövcud dəyişkən formatlar Avropanı parçalayır və bu, çaşqınlıq və zəiflik yaradır.
Samir


