Yaxınını itirən ailələrdə uşağın dəfn mərasimində iştirak edib-etməməsi valideynlər üçün çətin qərarlardan biridir. Mütəxəssislər bildirirlər ki, bu məsələdə uşağın yaşı ilə yanaşı, emosional yetkinliyi və öz istəyi də nəzərə alınmalıdır.
HİT.az xəbər verir ki, uşaq psixiatrı, tibb elmləri namizədi Vladimir Skavış bu barədə “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, uşaqlar ailədə ciddi hadisələrin baş verdiyini hiss edirlər. Valideynlərin yaxınlarının ölümü faktını gizlətməsi isə bəzən onların daha çox narahat olmasına və müxtəlif ehtimallar uydurmasına səbəb ola bilər.
Psixiatr hesab edir ki, uşağı dəfn mərasimində iştirak etməyə məcbur etmək olmaz. Onun bu mərasimə qatılmaqdan imtina etmək hüququ olmalıdır. Bəzi uşaqlar üçün mərasimdə iştirak etmək vidalaşmağın vacib hissəsi olduğu halda, digərləri ilə evdə söhbət etmək, mərhumun fotolarına baxmaq və ya özlərinə uyğun başqa formada vidalaşmaq kifayət edə bilər.
Skavış qeyd edib ki, kiçik yaşlı uşaqlar ölümü böyüklərdən fərqli qavrayırlar. Onlar eyni sualları dəfələrlə verə, yaxud kədərli hadisədən sonra oynamağa davam edə bilərlər. Bu, onların hissiz olması demək deyil, sadəcə, uşaq psixikasının güclü emosiyalarla mübarizə üsuludur.
Mütəxəssis valideynlərə dəfn mərasimindən əvvəl uşağa orada nə görəcəyi və nələrin baş verəcəyi barədə aydın məlumat verməyi tövsiyə edib. Onun fikrincə, “yatıb” və ya “artıq yoxdur” kimi qeyri-müəyyən ifadələrdən istifadə etmək düzgün deyil. Uşaq bu sözləri hərfi mənada başa düşərək yuxudan və ayrılıqdan qorxa bilər.
Həkim əlavə edib ki, valideynlər öz kədərlərini uşaqlardan gizlətməyə çalışmamalıdırlar. Böyüklərin ağlaması və hisslərini ifadə etməsi uşağa kədərin və göz yaşlarının itki ilə bağlı təbii reaksiyalar olduğunu anlamağa kömək edir.
Psixiatr dəfn mərasimindən sonra da mərhum haqqında söhbətləri davam etdirməyin vacibliyini vurğulayıb. Ailə xatirələrinin bölüşülməsi və uşağın suallarını cavablandırmaq itki ilə barışma prosesini asanlaşdıra bilər.
Onun sözlərinə görə, əsas məsələ uşağın dəfn mərasimində iştirak etməsi deyil, bu çətin dövrdə özünü təhlükəsiz hiss etməsi, duyğularının qəbul olunması və yaxınlarının dəstəyini görməsidir.
Samir


