Uşaqlara sosial şəbəkələr qadağan olunur: Məqsəd nədir?

SOSİAL
11:15 / 06.07.2026
177

Müasir dövrdə rəqəmsal platformalar insanların gündəlik fəaliyyətinin əsas elementlərindən birinə çevrilib. 

Sosial şəbəkələr artıq təkcə ünsiyyət qurmaq üçün istifadə edilən vasitə deyil, həm də məlumat mübadiləsi, təhsil, əyləncə, elektron ticarət, ictimai müzakirələr və sahibkarlıq imkanlarının genişləndirildiyi virtual məkandır. Məlumdur ki, azyaşlılar və yeniyetmələr isə bu platformaların ən fəal istifadəçiləri sırasında yer alırlar. Bununla belə, beynəlxalq səviyyədə aparılan tədqiqatlar göstərir ki, uşaqların rəqəmsal mühitdə nəzarətsiz vaxt keçirməsi onların psixoloji inkişafına, davranış modellərinə, ünsiyyət bacarıqlarına və şəxsi təhlükəsizliyinə mənfi təsir göstərə bilir.  

Qeyd edək ki, bu istiqamətdə Azərbaycan da yeni hüquqi tənzimləmələrə başlayıb. Milli Məclisin üçüncü oxunuşda təsdiqlədiyi dəyişikliklərə əsasən, yaşı 16-dan aşağı olan şəxslər sosial media platformalarında qeydiyyatdan keçə bilməyəcəklər. 16-18 yaş arasında olan istifadəçilərin isə hesab yaratması yalnız valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında mümkün olacaq. 

“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri, sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, rəqəmsal platformaların sürətlə yayılması ilə uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi bir çox dövlətin prioritet istiqamətlərindən birinə çevrilib: 

“Dünyanın müxtəlif ölkələrində qanunvericilər və mütəxəssislər hesab edirlər ki, texnologiyanın yaratdığı imkanlardan səmərəli istifadə edilməklə yanaşı, onun azyaşlılar üçün doğurduğu risklər də nəzərə alınmalıdır. Buna görə sosial media və süni intellektin uşaqların inkişafına təsiri ilə bağlı yeni hüquqi yanaşmalar formalaşdırılır. 

Ümumiyyətlə, gələcəkdə rəqabətədavamlı cəmiyyət qurmaq üçün rəqəmsal bacarıqlara malik gənclərin yetişdirilməsi vacibdir. İnternet resursları və sosial platformalar bilik əldə etmək, yeni ideyalar paylaşmaq, yaradıcı potensialı inkişaf etdirmək və ünsiyyət imkanlarını genişləndirmək baxımından mühüm rol oynayır”.

Onun sözlərinə görə, nəzarətsiz istifadə asılılıq, kibertəzyiq, yanlış məlumatların təsiri və psixoloji problemlər kimi təhlükələri də artırır:

“Bu səbəbdən qəbul edilən yeni hüquqi dəyişikliklərin mahiyyəti uşaqların sosial şəbəkələrdən uzaqlaşdırılması deyil, onların yaşına uyğun və təhlükəsiz rəqəmsal mühitin yaradılmasıdır. Məqsəd azyaşlıların zərərli məzmun, onlayn manipulyasiya və digər rəqəmsal risklərdən daha etibarlı şəkildə qorunmasını təmin etməkdir”.

Ekspert vurğulayıb ki, yeni tənzimləməyə əsasən, 16 yaşını tamamlamayan şəxslər sosial media platformalarında qeydiyyatdan keçə bilməyəcəklər:

“16-18 yaş qrupuna aid yeniyetmələrin hesab açması isə valideyn və ya qanuni nümayəndənin təsdiqindən sonra mümkün olacaq. Bunun icrası üçün platformalarda istifadəçilərin yaşını təsdiqləyən texniki mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu yanaşma uşaqların psixoloji rifahına və sosial inkişafına müsbət təsir göstərəcək. 

Onların zorakılığı təşviq edən videolar, nifrət nitqi, dezinformasiya və digər təhlükəli paylaşımlarla qarşılaşma ehtimalı azalacaq. Eyni zamanda, uşaqların vaxtlarını təhsil almağa, idmanla məşğul olmağa, kitab oxumağa, yaradıcılıqla məşğul olmağa və ailə üzvləri ilə daha çox vaxt keçirməyə yönəltməsi üçün daha əlverişli şərait yaranacaq”.

Günel Cəlilova

0