Biznesini başqa ölkələrə köçürənlərin DİQQƏTİNƏ - Bu halda fəaliyyətiniz bloklanacaq

İQTİSADİYYAT
22:17 / 24.08.2026
40

Məhkəmə qərarı ilə borclu hesab edilən şəxs əmlakını MDB-yə üzv başqa ölkəyə keçirə də bilməyəcək.

Avqustun 5-dən etibarən MDB məkanında məhkəmə qərarlarının icrası ilə bağlı yeni əməkdaşlıq mexanizmi qüvvəyə minib.
 
Söhbət 2025-ci il iyunun 26-da imzalanmış "Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası zamanı məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında" sazişdən gedir. İlk baxışda texniki hüquqi sənəd təsiri bağışlasa da, əslində bu saziş üzv dövlətlər arasında məcburi icra sahəsində əməkdaşlığı tamamilə yeni mərhələyə keçirə bilər.

Sazişin əsas məqsədi məhkəmə qərarlarının icrasından yayınan şəxslərin aşkarlanmasını asanlaşdırmaq və üzv dövlətlərin məcburi icra orqanları arasında operativ məlumat mübadiləsini təmin etməkdir. İndiyədək borclunun başqa ölkədə işlədiyini, əmlak əldə etdiyini və ya gəlir mənbəyinə malik olduğunu müəyyən etmək uzun sürən hüquqi yardım prosedurlarını tələb edirdi. Yeni mexanizm isə bu prosesi xeyli sürətləndirərək icra orqanlarına zəruri məlumatları daha qısa müddətdə əldə etmək imkanı yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu əslində 2025-ci ildə qəbul edilmiş bir sənəddir:

“Təşəbbüss Rusiyadan gəlib və köhnə qaydalara müəyyən yeni düzəlişlər edilib. Bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə bir çox Rusiya vətəndaşı öz biznesini digər MDB ölkələrinə daşıyır. Hətta biznesini və öhdəliklərini buraxıb Rusiyanı tərk edənlər də var. Yeni qaydalara görə Rusiyada müyyən maliyyə öhdəlikləri olan şəxslər hər hansı bir MDB ölkəsinə köçərsə, yerli məhkəmə və icra orqanları tərəfindən borclu şəxsin əmlakına həbs, hesabına blok qoya bilər. Eyni zamanda məhkəmə qərarı ilə borclu hesab edilən şəxs əmlakını MDB-yə üzv başqa ölkəyə keçirə də bilməz”.

Müsahibimiz bu qaydaların indiki halda real işlək mexanizminin olmadığını da bildirib:

“Bu qaydaların işlək mexanizminin yaxın gələcəkdə olması da inandırıcı görünmür. Çünki MDB struktur olaraq yarımcandır və üzv dövlətlərin hamısı ümumi yox, fərdi maraqlardan çıxış edir. Yəni bir sahibkarın Rusiyada maliyyə öhdəliyi ola bilər. Amma Qazaxıstanda vergisinin vaxtında ödəyib, işini davam etdirən sahibkar üçün heç bir problem yoxdur. Bununla belə bu qaydalar müəyyən şəxslərə problem yarada bilər. Amma bu ciddi bir şəkil alması gözlənilən deyil”.
 

0