Magistratura üzrə təhsil müddətinin 2 ildən 1-ə endirilməsi təklif olunur.
Buna səbəb magistratura üzrə 4 minə yaxın plan yerinin boş qalmasıdır. Milli Məclisin deputatı Ceyhun Məmmədov mediya açıqlamasında 4 minə yaxın plan yerinin boş qalması magistraturaya marağın azalmasının göstəricisidir.
Bu məsələ sosial mediada geniş müzakirə olunur. Hesab edilir ki, magistratura təhsili ilə endirilərsə bu sahəyə maraq artar.
Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında bildirib ki, magistratura səviyyəsində təhsil müddətinin iki ildən bir ilə endirilməsi mümkündür:

“Dünya təcrübəsində bununla bağlı kifayət qədər nümunələr var. İkiillik magistratura proqramını bir il ərzində başa çatdırmaq mümkündür.
Dünya təcrübəsində belə bir model tətbiq olunursa, Azərbaycanda da bundan yararlanmaq olar. Bunun üçün proqramdan bəzi zəruri olmayan fənlər çıxarıla, əsas diqqət isə ixtisasa uyğun mövzuların tədrisinə yönəldilə bilər".
Ekspert hesab edir ki, bu halda tələbələrin dərs yükü arta bilər:
"Lakin magistratura səviyyəsində təhsil alan tələbələr üçün bunun ciddi problem yaradacağını düşünmürəm. Belə bir sistem tətbiq edilərsə, təhsil müddətinin iki il olmasının zəruriliyi də aradan qalxa bilər. Bu səbəbdən magistratura təhsilinin bir ilə endirilməsi mümkündür. Bunun üçün isə müvafiq layihələr hazırlanmalı və təhsil proqramları yenidən nəzərdən keçirilməlidir".
Günel Cəlilova


