Mnemiopsis leidyi daraqlı meduzası Baltik dənizinin sularında getdikcə daha sürətlə yayılır.
HİT.az "Euronews"a istinadən xəbər verir ki, dəqiq desək, bu canlı yalnız meduzaya bənzəyir. Əsl meduzalardan fərqli olaraq, onun sancıcı hüceyrələri yoxdur.
Qaranlıqda işıq saça bilən bu dəniz canlısı Avropaya 1980-ci illərdə Atlantik okeanında olmuş gəmilərlə gətirilib. Qısa müddətdə bu sulardakı dominant orqanizmlərdən birinə çevrilib. 1988-ci ilə qədər Qara dənizin bir kubmetr suyunda 400-ə qədər fərd qeydə alınıb. Lakin qida ehtiyatlarının azalması ilə onların sayı da azalıb. Hazırda aparılan araşdırmalar daraqlı meduzaların Baltik dənizində yayılmasının sürətləndiyini göstərir.
Bu onurğasız canlı balıqçılıq üçün ciddi təhlükə yaradır. Çünki kommersiya əhəmiyyətli balıqların kürüsü ilə qidalanır. Xüsusilə şprot və sardina kimi növlər təhlükə altındadır.
Bundan başqa, Mnemiopsis leidyi çox böyük miqdarda zooplankton istehlak edir. Beləliklə, bir çox digər dəniz orqanizmləri ilə qida uğrunda rəqabət aparır və ekosistemin təbii tarazlığını poza bilir.
Bu növ, üstəlik, unikal sağqalma strategiyası formalaşdırıb. Qida ehtiyatları tükənməyə başlayanda daraqlı meduza öz sürfələri ilə qidalana bilir. Yetkin fərdlər isə çoxlu sayda yumurta buraxır və qida çatışmazlığı dövründə həmin yumurtalar əlavə enerji mənbəyi rolunu oynaya bilər. Bu spesifik adamyeyənlik forması ona hətta əlverişsiz şəraitdə də sağ qalmağa imkan verir.
Daraqlı meduzalar yeni ekosistemlərdə çox vaxt onların sayını effektiv şəkildə tənzimləyə biləcək təbii düşmənlərlə qarşılaşmırlar.
Baltik dənizində isə vəziyyət bir qədər fərqlidir. Burada daraqlı meduzaların sürfələrini ovlaya bilən bir növ mövcuddur.
Baltik dənizində yaşayan üçiynəli tikanbalığı (Gasterosteus aculeatus) daraqlı meduzanın təbii düşməni rolunu oynaya bilər. Lakin suda oksigen səviyyəsinin azalması tikanbalıqların aktivliyini məhdudlaşdırır və onların daraqlı meduza sürfələri ilə qidalanmasının miqyasını azaldır.
"Dəniz adamyeyəninin" meydana çıxması Baltik dənizi ekosisteminin güclü təzyiq altında olduğunu göstərən çoxsaylı siqnallardan yalnız biridir.
Son illərdə alimlər oksigen çatışmazlığı olan "ölü zonaların" genişləndiyini, su səviyyəsində rekord dəyişikliklərin baş verdiyini və iqlim dəyişikliyi ilə əlaqəli hadisələrin getdikcə artdığını müşahidə edirlər.
Bu proseslər yerli növlərin yaşayış şəraitinə təsir göstərir və ətraf mühitin yeni şərtlərinə daha yaxşı uyğunlaşan yad orqanizmlərin yayılmasına şərait yarada bilər.
Lakin hər yad növ Baltik dənizi ekosistemi üçün mütləq təhlükə yaratmır. Bəziləri tədricən yerli qarşılıqlı əlaqələr şəbəkəsinin bir hissəsinə çevrilir, hətta bəziləri biomüxtəlifliyin artmasına töhfə verə bilər.
Məsələn, Amerika xərçəngi treska, kambala və su quşları, eləcə də qum molyuskları üçün mühüm qida mənbəyinə çevrilib.
Samir


