Məktəbə hazırlaşan uşağın səhər çantasında kitab-dəftər, qələm və məktəb ləvazimatları olmalıdır.
Həmin siyahıya ağır makiyaj, uzun və laklı dırnaqlar, gel-lak və sosial şəbəkə üçün çəkilən görüntülər də əlavə olunursa, burada artıq yalnız uşağın xarici görünüşündən danışmaq kifayət etmir. Son günlər sosial şəbəkədə məktəbə getməyə hazırlaşan bir qızın makiyaj etdiyi görüntülərin yayılması bu mövzunu yenidən gündəmə gətirib. Məktəbli yaşında uşağın üzünə nəzərəçarpacaq dərəcədə makiyaj etməsi, manikürlü və uzun dırnaqlarla dərsə hazırlaşması istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub.
Maraqlıdır, bu yaşda uşağın görünüşü ilə bağlı sərhədləri kim müəyyənləşdirir?
Uşağın özünə qulluq etməsi, səliqəli görünmək istəməsi təbii haldır. Təmiz geyim, daranmış saç, şəxsi gigiyena və ümumi səliqə məktəbliyə qoyulan normal tələblərdir. Lakin baxımlı olmaqla yaşına və getdiyi mühitə uyğun olmayan görünüş arasında fərq var.
Məktəb podium deyil. Uşaq da hər səhər məktəbə yeni bir görüntü nümayiş etdirmək üçün getmir. Nəzərə almaq lazımdır ki, məktəbin əsas məqsədi təhsil almaq, ünsiyyət qurmaq və sosial bacarıqlar formalaşdırmaqdır. Bu mühitdə şagirdin görünüşü də müəyyən çərçivəyə uyğun olmalıdır.
Üstəlik, söhbət təkcə makiyajdan getmir. Uzun dırnaqlar, gel-lak, gözə və üzə çəkilən kosmetik vasitələr məktəb yaşında uşağın gündəlik ehtiyacıdırmı? Əgər bunlar artıq uşağın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilirsə, valideynin bu davranışın səbəbi ilə maraqlanması vacibdir.
Həmçinin, məktəbli səhər hazırlaşarkən makiyaj prosesini çəkib paylaşırsa, deməli, onun üçün bu, sadəcə şəxsi seçim olmaqdan çıxıb. Artıq burada “görünmək”, “bəyənilmək” və diqqət qazanmaq ehtiyacı da müzakirəyə daxil olur.
Valideynin məsuliyyəti məhz bu nöqtədə başlayır. Valideyn uşağın yalnız dərs oxuyub-oxumadığını, qiymətlərinin necə olduğunu yoxlamamalıdır. Onun internetdə nə izlədiyini, hansı davranışları normal hesab etdiyini, öz görünüşü haqqında nə düşündüyünü də bilməlidir. Uşaq səhər evdən çıxanda valideyn onun geyiminə necə baxırsa, üzündəki makiyaja və dırnaqlarına da eyni diqqəti göstərməlidir.
Burada məktəbin də məsuliyyəti var. Məktəb qaydaları bütün şagirdlər üçün aydın olmalı, xarici görünüşlə bağlı tələblər əvvəlcədən izah edilməlidir. Belə olduqda məsələ müəllimin şəxsi münasibətindən deyil, ümumi qaydadan asılı olur. İstənilən halda uşaq məktəbə ağır makiyajla, uzun və diqqətçəkən dırnaqlarla gedirsə, məktəbdən öncə “valideyn hara” baxır sualı verilməlidir...
Sevinc


