Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyinin açıqladığı “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində proqnozlaşdırılır ki, bu il ölkədə orta aylıq əməkhaqqı 1 185,5 manat təşkil edəcək.
Yeniavaz.com xəbər verir ki, bu, 2026-cı ildə orta aylıq əməkhaqqının 82,6 manat və ya 7,5% artacağını göstərir.
Belə ki, 2025-ci ilin yekununda Azərbaycanda orta aylıq əməkhaqqı 1 102,9 manat olub.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, hər ilin yanvar ayında yaşa görə əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əməkhaqqında qeydə alınan artıma uyğun olaraq artırılır. Bu isə o deməkdir ki, nazirliyin açıqladığı proqnoz göstəriciləri reallaşarsa, gələn ilin yanvar ayından etibarən Azərbaycanda əmək pensiyaları 7,5% artacaq.
Məlumat üçün bildirək ki, bu, son 5 ildə qeydə alınacaq ən aşağı göstərici olacaq. 2022-ci ildə orta aylıq əməkhaqqında 14,7%, 2023-cü ildə 11,2%, 2024-cü ildə 8,1%, 2025-ci ildə isə 9,3% artım qeydə alınıb.
Onu da qeyd edək ki, Maliyyə Nazirliyinin açıqlamasında orta aylıq əməkhaqqının 2030-cu ilə kimi artım proqnozu da yer alıb. Nazirliyin proqnozlarına görə, orta aylıq əməkhaqqının 2027-ci ildə 8,6%, 2028-ci ildə 6,3%, 2029-cu ildə 7,1%, 2030-cu ildə isə 5,8% artacağı gözlənilir ki, bu, həm də əmək pensiyalarının bu səviyyədə indeksləşdirilməsi deməkdir.


