Siniflərdə şagird SIXLIĞI

TƏHSİL
10:42 / 01.10.2026
195

Məktəblərdə siniflərin həddindən artıq yüklənməsi təkcə Bakı şəhərinin mərkəzində deyil, paytaxtın kənar ərazilərində və qəsəbələrində də müşahidə olunur. 

Xüsusilə birinci siniflərdə şagird sayı bəzən 30-35 nəfərə çatır. Belə sıxlıqda müəllimin hər şagirdə fərdi diqqət ayırması, dərsi tam izah etməsi və sinifdə nizamı qoruması çətinləşir. Halbuki 20 nəfərlik sinifdə həm müəllim, həm də şagird üçün daha səmərəli tədris mühiti yarana bilər.

Təhsil eksperti Elmin Nuri Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycanda məktəblərin qarşılaşdığı problemlər arasında şagird sayının həddindən artıq artması da xüsusi yer tutur:

411314

“Xüsusilə Bakıda bəzi məktəblərin mövcud imkanları ətraf ərazilərdə yaşayan şagirdlərin sayını qarşılamağa kifayət etmir. Məsələnin əsas səbəblərindən biri paytaxta əhali axınının davam etməsidir. İş və digər imkanların daha çox Bakıda cəmlənməsi ailələrin paytaxta köçünə, bununla paralel olaraq məktəblərə düşən yükün artmasına səbəb olur. 

Nəticədə ilkin olaraq daha az sayda şagird üçün nəzərdə tutulan məktəblərdə bir neçə dəfə çox uşaq təhsil almalı olur. Şagird sayının artması ən çox sinif otaqlarında hiss edilir. Bəzi məktəblərdə bir sinifdə 30-dan, hətta 40-dan çox uşağın olması dərsin təşkili baxımından əlavə çətinlik yaradır. Belə şəraitdə müəllimin bütün şagirdlərə eyni səviyyədə diqqət ayırması, onların suallarını dinləməsi və dərsin mənimsənilməsini izləməsi asan deyil”.

Ekspert qeyd edib ki, sıxlıq yalnız tədris prosesinə də təsir etmir:

“Sinifdə çox sayda uşağın olması onların rahatlığı, diqqətinin dərsə yönəldilməsi, psixoloji vəziyyəti və ümumi məktəb mühiti baxımından da müxtəlif problemlər yarada bilər. Bu vəziyyətdə məsuliyyəti yalnız müəllimin üzərinə qoymaq isə problemi həll etmir. Müəllim mövcud şərait daxilində dərsi idarə etməyə çalışır, amma sinifdəki uşaq sayı həddindən artıqdırsa, müəllimin imkanları da məhdudlaşır”.

Onun sözlərinə görə, problemin uzunmüddətli həlli üçün məktəb infrastrukturu genişləndirilməli, yeni təhsil müəssisələrinin yaradılmalı və ehtiyac olan məktəblərdə əlavə korpusların istifadəyə verilməsi variantları nəzərdən keçirilməlidir:

“Bəzi məktəblərdə ibtidai və yuxarı siniflərin ayrı korpuslarda yerləşdirilməsi kimi yanaşmalar da tətbiq olunur. Belə alternativlərin artırılması həm məktəblərin yükünü azaltmağa, həm də daha rahat tədris mühiti yaratmağa imkan verə bilər.

Çünki məktəbdə şagird sayının artması özü problem deyil. Əsas məsələ artan şagird sayına uyğun məktəb, sinif otağı və müəllim imkanlarının da paralel şəkildə artırılmasıdır”.

Sevinc

0