Hamiləliyə hazırlaşan qadınlar bəzən hər şeyi əvvəlcədən nəzarətə götürmək istəyərkən yanlış addımlar atırlar. Lazımsız analizlər vermək, dərmanları özbaşına dayandırmaq və peyvəndləri vaxtında yoxlamamaq gələcək hamiləlik üçün problemlər yarada bilər.
HİT.az xəbər verir ki, bu barədə reproduktoloq, mama-ginekoloq və ginekoloq-endokrinoloq Günay Salayeva “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Mütəxəssis hamiləliyi planlaşdıranların yol verdiyi beş əsas səhvi açıqlayıb.
1. Dərmanları özbaşına dayandırmaq
Həkimin sözlərinə görə, uşaq sahibi olmağa hazırlaşan qadınların bütün dərmanlardan imtina etməsi düzgün deyil. Bəzi preparatlar hamiləlik dövründə istifadəyə uyğun olmasa da, onların təhlükəsiz alternativləri mövcuddur. Xroniki xəstəliyi olan qadınlar qəbul etdikləri dərmanların siyahısını əvvəlcədən həkimə göstərməlidirlər.
2. Anti-Müller hormonunu lazımsız yerə yoxlatdırmaq
Bir çox qadın AMH analizini hamilə qalmaq qabiliyyətini müəyyənləşdirən əsas test hesab edir. Halbuki bu hormon yumurtalıqların ehtiyatını qiymətləndirməyə kömək edir, lakin təbii yolla hamiləliyin baş verib-verməyəcəyini dəqiq göstərmir. Aşağı göstərici sonsuzluq demək olmadığı kimi, yüksək nəticə də asanlıqla hamilə qalmağa zəmanət vermir.
3. Peyvəndləri hamiləlikdən sonra xatırlamaq
Bəzi infeksiyalar döl üçün ciddi təhlükə yarada bilər. Buna görə peyvənd vəziyyətini hamiləlikdən əvvəl yoxlamaq vacibdir. Məsələn, məxmərək xəstəliyinə qarşı immunitet olmadıqda peyvənd hamiləlikdən əvvəl vurulmalıdır. Peyvənddən sonra isə hamiləlik planlaşdırmazdan əvvəl müəyyən müddət gözləmək lazımdır.
4. İrsiyyət məsələsini yalnız genetik xəstəliklərlə əlaqələndirmək
Salayeva bildirib ki, həkim üçün ailə tarixçəsi də mühüm əhəmiyyət daşıyır. Gələcək valideynlər özləri sağlam olsalar belə, müəyyən genetik dəyişikliklərin daşıyıcısı ola bilərlər. Buna görə ailədəki xəstəliklər və irsi xüsusiyyətlər barədə həkimə məlumat vermək vacibdir.
5. Hər şeyin ideal olmasını gözləyərək hamiləliyi təxirə salmaq
Mütəxəssisin fikrincə, hamiləliyə hazırlıq prosesi bəzən illərlə uzana bilər. İnsan bütün şərtlərin ideal vəziyyətə gəlməsini gözləyərkən vaxt itirə bilər. Hazırlığın əsas məqsədi hamiləliyə real təsir göstərə biləcək riskləri əvvəlcədən müəyyənləşdirmək və aradan qaldırmaqdır.
Həkim vurğulayıb ki, hamiləliyə hazırlıq zamanı əsas məsələ mümkün qədər çox analiz vermək deyil, sağlamlıq vəziyyətini düzgün qiymətləndirmək və zəruri tədbirləri mütəxəssislə birlikdə görməkdir.
Samir


