Güclü susuzluq və tez-tez sidiyə getmək bu xəstəliyin əlaməti ola bilər

SAĞLAMLIQ
19:57 / 15.11.2026
42

Daimi və güclü susuzluq hissi, eləcə də gecələr tez-tez və çox miqdarda sidiyə getmək nadir xəstəliklərdən biri olan şəkərsiz diabetin əlamətləri ola bilər. Bu xəstəlik zamanı qanda qlükoza səviyyəsi normal qalsa da, orqanizmin su balansı pozulur.

HİT.az xəbər verir ki, bu barədə Perm Milli Tədqiqat Politexnik Universitetinin “Kimya və biotexnologiya” kafedrasının baş elmi işçisi, tibb elmləri namizədi Valeri Litvinov “Gazeta.ru”ya danışıb.

Mütəxəssisin sözlərinə görə, şəkərsiz diabet böyrəklərin orqanizmdə suyu saxlamaq qabiliyyətinə təsir edən vazopressin hormonunun fəaliyyəti ilə bağlıdır. Xəstəlik zamanı bu hormon ya kifayət qədər istehsal olunmur, ya da orqanizmin hüceyrələri ona lazımi reaksiyanı vermir.

Nəticədə böyrəklər suyu lazımi səviyyədə saxlaya bilmir və insan böyük həcmdə maye itirir. Xəstəliyin əsas əlamətləri arasında dayanmadan susamaq və çox miqdarda sidik ifrazı yer alır. Bu hallar gecə saatlarında da davam edə bilər.

İtirilən maye vaxtında bərpa olunmadıqda orqanizmdə susuzlaşma yaranır. Bu isə halsızlıq, dərinin quruması, baş ağrısı və ürək döyüntülərinin sürətlənməsi ilə müşayiət oluna bilər.

Alim xəbərdarlıq edib ki, xəstəliyin əsas təhlükəsi onun ağırlaşmaları ilə bağlıdır. Orqanizmdə su çatışmazlığı elektrolit balansının pozulmasına səbəb ola bilər. Ağır hallarda isə şüurun qarışması, qıcolma və hətta koma riski yaranır.

Mütəxəssis xüsusilə irsi şəkərsiz diabetdən əziyyət çəkən uşaqlara diqqət çəkib. Onlarda uzun müddət davam edən susuzlaşma fiziki və zehni inkişafın ləngiməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, davamlı susuzluq və tez-tez sidiyə getmək müxtəlif səbəblərdən yarana bilər. Bu əlamətlər müşahidə olunduqda özbaşına diaqnoz qoymaq əvəzinə həkimə müraciət etmək vacibdir.

Samir

0