Şimali Koreya Rusiyaya hərbi dəstəyini müvəqqəti dayandırıb. Pxenyanın bu addımına Moskvanın Cənubi və Şimali Koreya arasındakı münasibətlərin yumşaldılmasına kömək edə biləcəyi barədə açıqlaması səbəb olub.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.
Kəşfiyyatın bildirdiyinə görə, məhdudiyyətlərə Rusiyaya KN-23 ballistik raketlərinin və növbəti partiya artilleriya sursatlarının göndərilməsinin dayandırılması daxildir. Bundan başqa, Rusiya hərbi-nəqliyyat təyyarələrinin Şimali Koreyanın hava məkanından istifadəsinə də qadağa qoyulub.
GUR-un məlumatına əsasən, Moskva ilə Pxenyan arasında narazılıq oktyabr ayında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Cənubi və Şimali Koreya arasındakı gərginliyin azaldılmasına gələcəkdə kömək göstəriləcəyini bəyan etdikdən sonra yaranıb.
Şimali Koreyanın xarici işlər naziri Çve Son Hi bu açıqlamanın iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin mahiyyətinə uyğun olmadığını bildirib və Rusiyanın Seula münasibətdə siyasətinə aydınlıq gətirilməsini tələb edib. Kəşfiyyatın iddiasına görə, hərbi dəstəyin müvəqqəti dayandırılması barədə qərarı şəxsən Kim Çen In verib.
Rusiyanın hərbi tələbi də gözləmədədir
GUR-un məlumatında qeyd olunur ki, Pxenyan Rusiya tərəfinin öz ərazisindəki Şimali Koreya hərbi kontingentinin sayını 8,5 mindən 50 minə çatdırmaqla bağlı müraciətini də hələlik icra etmir.
Bununla yanaşı, KXDR ordusunun 11-ci xüsusi təyinatlı korpusunun bölmələri Rusiyanın Kursk vilayətində xidmətini davam etdirir. Həmin qüvvələrin hərbi qruplaşmanın ikinci eşelonunda yerləşdiyi bildirilir.
Kəşfiyyatın açıqlamasına görə, yay aylarının ortalarından Voronej vilayətində də Şimali Koreya ordusunun birləşmiş raket bölməsi yerləşdirilib. Rusiya tərəfi bu bölmədən Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə edir. Bölmə Moskva Hərbi Dairəsinin 1-ci tank ordusunun 112-ci raket briqadasının tərkibində fəaliyyət göstərir.
Şimali Koreya hərbçilərinin itkiləri açıqlanıb
Ukrayna kəşfiyyatı Rusiya və Şimali Koreya orduları arasında əməkdaşlığı çətinləşdirən bir sıra problemlərin olduğunu da bildirib. Bunlara bölmələr arasında əməliyyat uyğunluğunun aşağı səviyyədə olması, dil maneəsi, tərcüməçi çatışmazlığı və lazımi logistika dəstəyinin olmaması daxildir.
Bundan başqa, GUR Rusiya hərbi komandanlığının Şimali Koreya hərbçilərinə münasibətinin də əməkdaşlığa mane olduğunu iddia edir. Məlumata görə, Rusiya ordusunun yüksək rütbəli nümayəndələri onları siyasi səbəblərlə yaradılmış əlavə yük kimi qiymətləndirir.
Kəşfiyyatın hesablamalarına əsasən, Kursk vilayətində Ukrayna qüvvələri ilə döyüşlərdə Şimali Koreya kontingentinin ümumilikdə 7 058 hərbçisi itki verib. Onlardan 2 251-i həlak olub, digərləri isə yaralanıb.
Qeyd edək ki, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq son dövrlərdə genişlənib. Oktyabr ayında Pxenyanın Rusiyaya “Şahed” dronlarının yığılması üçün 12 min işçi göndərdiyi barədə məlumat yayılmışdı. Həmçinin Kim Çen In oktyabrın 7-də Vladimir Putini doğum günü münasibətilə təbrik edərkən Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyin davam etdiriləcəyini bəyan etmişdi.
GUR-un son açıqlamasına görə, hazırda Moskva ilə Pxenyan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi prosesi ləngiyir.
Samir


