Avropa Rusiya qazından nə vaxt tam imtina edəcək? - Polşadan tarix açıqlandı

DÜNYA
15:50 / 26.11.2026
42

Avropa İttifaqı 2027-ci ilin sonunadək Rusiyadan qaz alışını tamamilə dayandırmağı planlaşdırır. Polşanın xarici işlər naziri Radoslav Sikorski bu prosesin Avropa ölkələrinə əlavə maliyyə yükü yaradacağını da etiraf edib.

HİT.az xəbər verir ki, Polşanın baş nazir müavini və xarici işlər naziri bu barədə ukraynalı jurnalistlərlə görüşündə danışıb. Onun fikirlərini “Glavkom” nəşri yayıb.

Sikorskinin sözlərinə görə, Avropa artıq alternativ enerji təchizatçılarına yönəlir. Hətta Macarıstanın da yeni qaz mənbələri axtardığı bildirilir.

Polşa diplomatı qeyd edib ki, Rusiya qazı Avropa üçün nisbətən ucuz olsa da, Qətərdən və ABŞ-dən alınan qaz daha baha başa gəlir. Bununla belə, o, enerji təhlükəsizliyinin əlavə xərclərə dəyər olduğunu düşünür.

“Əlbəttə, bu, bizə baha başa gəlir. Çünki Rusiya qazı bizim üçün nisbətən ucuz idi. Qətərdən və ya ABŞ-dən gələn qaz isə daha bahadır. Lakin hesab edirəm ki, təhlükəsizlik də bir dəyərdir və təcavüzkara müharibə aparmaq üçün maliyyə vermək olmaz”, – Sikorski bildirib.

Görüşdə Rusiyaya qarşı yeni sanksiyalar məsələsi də müzakirə olunub. Nazir hazırda 22-ci sanksiya paketinin taleyinin müəyyənləşdirildiyini söyləyib. Onun sözlərinə görə, Rusiyanın ikili təyinatlı məhsullara çıxışını tamamilə məhdudlaşdırmaq hələ mümkün olmayıb və bəzi komponentlər müxtəlif kanallarla ölkəyə çatmaqda davam edir.

Polşa XİN rəhbəri Varşavanın vaxtilə Rusiyanın müdafiə sənayesinə qarşı ayrıca sanksiya siyahılarının yaradılmasını təklif etdiyini də xatırladıb.

Görüşdə iştirak edən digər polşalı nümayəndə isə Rusiyanın Milli Rifah Fondunda saxlanılan qızıl ehtiyatlarının təxminən 75 faizini artıq satdığını iddia edib. Onun fikrincə, Moskvaya təzyiqi artırmağın növbəti addımlarından biri dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ola bilər.

Polşa bu təşəbbüsü dəstəklədiyini və Belçika üçün sığorta fondu mexanizminin təminat sistemində iştirak etməyə hazır olduğunu bildirib. Bununla belə, məsələ ilə bağlı hələ yekun qərar qəbul edilməyib.

Qeyd edək ki, Avropanın Rusiya qazından imtinası yeni enerji asılılığı ilə bağlı müzakirələri də gündəmə gətirib. “Forbes” nəşrinin məlumatına görə, 2026-cı ilin ilk yarısında ABŞ-dən idxal edilən mayeləşdirilmiş təbii qaz Avropa İttifaqının ümumi LNG idxalının 59 faizini təşkil edib. 2028-ci ilədək bu göstəricinin 80 faizə yüksələ biləcəyi ehtimal olunur. Beləliklə, Avropa Rusiya qazından uzaqlaşsa da, ABŞ-dən enerji asılılığının artması riski ilə üzləşə bilər.

Samir
 

0